Kremlin növbəti demarşı: “Bu, Rusiyanın Azərbaycana qarşı yeni təzyiq kampaniyasıdır” – Partiya sədri

“Rusiya Xarici İşlər Nazirliyinin son bəyanatı Azərbaycana qarşı növbəti təzyiq kampaniyasıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin erməni əsilli şəxslərin Azərbaycana buraxılmamasını bəhanə edərək, Rusiya vətəndaşlarını ölkəmizə səfər etməkdən çəkinməyə çağıran bəyanatına münasibət bildirən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib.

Əli Əliyev hesab edir ki, Rusiya tərəfindən ifadə olunan bu kimi əsassız mövqelər Azərbaycana qarşı təzyiq xarakteri daşıyır:
“Bu, Rusiya hakimiyyətinin Azərbaycana yönəlik növbəti təzyiq kampaniyasıdır. Adətən, belə bəyanatlar ölkədə dayanıqsızlıq və ictimai təhlükə mövcud olduğu hallarda verilir.

Rusiyadan verilən o bəyanat birmotivli olsa da, onun arxasında Azərbaycanda dayanıqsızlığın olma ehtimalı dayanır və bu yanaşma sətiraltı məna kəsb edir.

Azərbaycan hakimiyyətinin Rusiya vətəndaşı olan erməni əsilli şəxslərin ölkəyə gəlişini qadağan etməsi milli maraqlara cavab verən qərardır və mövcud reallıqdan irəli gəlir.

Həmin şəxslərin özlərinin təhlükəsizliyinin təmin olunmasının mümkünsüzlüyünü və onların Azərbaycanda təxribatlar törətmək ehtimalının yüksək olduğunu nəzərə alsaq, bu qərarın düzgün olduğunu deməliyik.

Düşünürəm ki, Azərbaycanın müvafiq qurumları Rusiyanın bu bəyanatına adekvat cavab verəcəklər”.

A.Zeynalov