“Kreml Afrikanı indiki böyük dövlətlər arasında əsas rəqabət meydanlarından biri kimi görür”.
Yenicag.az xəbər verir ki, bunu beynəlxalq münasibətlər üzrə analitik Oleq İqnatov Rusiyanın Suriyada və Yaxın Şərqdəki maraqlarından danışarkən deyib.
Onun sözlərinə görə, Rusiya qoşunlarının Liviyaya yenidən yerləşdirilməsi Moskva, Tripoli və onun hüdudlarından kənarda ciddi nəticələrə gətirib çıxara bilər:
“Suriyanın itirilməsi Rusiya üçün maddi baxımdan çox az əhəmiyyət kəsb edəcək. Kremlin Aralıq dənizi və Afrikada son on ildə inkişaf etdirilən strateji izlərini saxlamaq istəyi isə hər kəsə məlumdur. Suriya müharibəsi zamanı Rusiya Bəşər Əsədin hakimiyyətini qorumaq üçün vacib olan hərbi və diplomatik dəstəyi verdi. Bu prosesdə o, Xmeymimdə əsas aerodrom yaratdı və Rusiyanın yeganə isti su limanı olan Tartusda sovet dövründən qalma hərbi dəniz bazasını xeyli genişləndirdi. Rusiyanın Suriya və Liviyadakı mövqeləri vasitəsilə Afrikadakı mövcudluğunu genişləndirmək siyasəti təxminən 2017-ci ildən bəri Kremlin əsas məqsədindən birinə çevrilib. Kreml Afrikanı indiki böyük dövlətlər arasında əsas rəqabət meydanlarından biri kimi görür”.
Nəsimi Ələsgərli