“Krım könüllüləri birləşməsi” adlı qrupun rəhbərinə cinayət işi başlanıldı

Dövlət səviyyəsində terroru dəstəkləyərək, terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirmiş Ermənistan Respublikasının işğalçı mahiyyətinin beynəlxalq müstəvidə ifşa edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, həyata keçirilən bu tədbirlərin davamı kimi, “Krım könüllüləri birləşməsi” adlı qrupun rəhbəri olan Martoyan Armen Hamletoviç (Samvel) və digərlərinin Azərbaycan Respublikasına qarşı törətdiyi cinayət əməllərinə dair Azərbaycan Respublikası Baş Prokurorluğunda toplanmış material üzrə araşdırma aparılıb.

Araşdırmalarla qeyd olunan “Krım könüllüləri birləşməsi” adlı qrupun rəhbəri olan Rusiya Federasiyasının vətəndaşı Martoyan Armen Hamletoviç (Samvel ləqəbli) və həmin qruplaşmanın digər üzvlərinin 2020-ci ilin oktyabr ayında Ermənistanda və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan şəxslərlə, həmçinin qondarma “Dağlıq Qarabağ” rejiminin rəhbər şəxsləri ilə görüşüb döyüş əməliyyatlarında iştiraklarına dair müzakirələr aparmaqla cinayət əlaqəsinə girmələri, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi şəhəri və işğal altında olan digər yaşayış məntəqələrinə gəlmələri, Azərbaycan Respublikasının dinc vətəndaşlarına və antiterror əməliyyatlarını həyata keçirən silahlı qüvvələrinə qarşı Ermənistanın rəhbərliyi tərəfindən muzdlu kimi istifadə edilmələri müəyyən edilib.

Bundan başqa, cinayətkar birlik üzvlərinin döyüş sursatlarından, hərbi texnikadan istifadə edib atəşlər açaraq xüsusi amansızlıq və ümumi təhlükəli üsulla, milli düşmənçilik niyyəti ilə, döyüş əməliyyatlarında iştirak etməyən dinc sakinlərinə qarşı çoxsaylı cinayət əməllərinə yol vermələri, ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətməklə Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri aşkar edilib.

Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

Hal-hazırda qeyd edilən cinayət işi ilə əlaqədar Baş Prokurorluq tərəfindən Rusiya Federasiyasının aidiyyəti dövlət qurumlarına hüquqi yardımın göstərilməsi haqqında vəsatət hazırlanır.

Baş Prokurorluq bəyan edir ki, qeyd edilən və bu kimi digər cinayət faktlarına görə təqsirkar şəxslərin beynəlxalq hüquq normalarına əsasən məsuliyyətə cəlb edilməsindən ötrü mümkün olan bütün tədbirlər görülməklə beynəlxalq təşkilatlara müraciət edilməsi təmin ediləcəkdir.