“Krım və Donbasın Rusiya işğalından qurtarılması üçün…” – Ukrayna Müsəlmanlarının Müftisi ilə EKSKLÜZİV MÜSAHİBƏ

“İşğal altında olan Krım müsəlmanlarına təhlükə yaratmamaq üçün onlarla əlaqə qurmuruq”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Ukrayna Müsəlmanlarının Müftisi Şeyx Seyid İsmayılov deyib.

Seyid İsmayılov bildirib ki, dövlət başçısı postunda fəaliyyətinin 1-ci ili yeni tamamlanan Ukrayna prezidenti Vladimir Zelenskinin hakimiyyət komandası çox fərqlidir və yüksək vəzifələrə təyin edilmiş fiqurların çoxu əvvəllər böyük siyasətdə olmayıblar:

“İstənilən ölkədə hakimiyyət dəyişikliyi nəticəsində dövlətin daxili və xarici siyasətində dəyişikliklərin olması təbiidir. Prezident Zelenskinin komandasına daxil edilmiş fiqurların çoxu nəinki parlamentə seçilib, ümumiyyətlə, böyük siyasətdə olmayıb.

Amma yürüdülən ümumi siyasətə nəzər saldıqda, köklü dəyişikliklərin baş verdiyini hələ ki müşahidə etmirik. Vacib məqamlardan biri kimi, Rusiya ilə danışıq cəhdləri də nəticəsiz qalıb. Çünki Rusiya hər hansı güzəştə meylli deyil. Diqqəti çəkən əsas məsələ müharibə zamanı əsir düşənlərin dəyişdirilməsidir. Dini etiqad və vicdan azadlığı məsələsinə gəldikdə isə prezident Zelenski bu müstəvidə qarşıdurmadan çəkinir və Kilsə ilə Müftiliklərin işinə müdaxilə etmir”.

Rusiya ilə müharibə vəziyyətində olan Ukraynanın Türkiyə ilə münasibətlərini dəyərləndirən Şeyx Seyid qeyd edib ki, Ankara Ukraynanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib:

“Türkiyə öz maraqlarını təmin etməyə çalışır və bundan sonra da mənafelərini qorumağa çalışacaq. Ukrayna-Türkiyə münasibətləri hazırda kifayət qədər isti və konstruktivdir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Ukrayna müsəlmanları üçün bir sıra sosial layihələrdə fəallıq göstərəcəyini və işğal zamanı Krımdan qovulan tatarlara mənzil veriləcəyini vəd edib. Bundan əlavə, Türkiyə 2014-cü ildən bəri BMT-də və bütün beynəlxalq platformalarda Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir”.

İsmayılov Rusiyanın işğalı altında olan Donbas və Krımın yenidən Ukraynaya qaytarılması üçün hakimiyyətin milli maraqlara uyğun hərəkət etməli olduğunu və Kiyevin bu siyasəti milli düşüncəsinin bir parçasına çevirməli olduğunu vurğulayıb:

“Ukraynada istənilən hakimiyyət yalnız dövlətin milli maraqları çərçivəsində hərəkət etməlidir. Donbas və Krımın işğaldan azad edilməsi yalnız ardıcıl, planlı siyasət sayəsində mümkün ola bilər. Ancaq bununla kifayətlənmək olmaz, həmin siyasət həm də Ukrayna milli düşüncəsinin bir parçasına çevrilməlidir. Bunun üçün iqtisadi-hərbi zəmin yaratmaq, beynəlxalq aləmdə Ukraynanın mövqeyini gücləndirmək və Rusiyanın ölkədaxili siyasətə, o cümlədən, dini sahəyə təsirini maksimum zəiflətmək lazımdır”.

Şeyx İsmayılov Ukraynanın işğal altındakı torpaqlarnda yaşayan müsəlmanların vəziyyətinin ürəkaçan olmadığını söyləyib:

“Ukraynanın müsəlman icması hazırda üç hissəyə bölünüb: İşğal edilmiş Krımın müsəlmanları, işğal edilmiş Donbas müsəlmanları və Ulraynanın müxtəlif regionlarında məskunlaşan müsəlmanlar. Bu müsəlmanların vəziyyəti bir-birilərindən fərqlidir. Ən pis vəziyyətdə olanlar isə dini ekstremizmə qarşı mübarizə bəhanəsi ilə altı il ərzində repressiyalara məruz qalan müsəlman Krım tatarlarıdır. İşğal altındakı ərazilərlə əlaqəmiz yoxdur. Bu tərəfə baxan müsəlmanlar Rusiya tərəfindən “Ukrayna kəşfiyyatına işləmək” və casusluq” da ittiham olunurlar. Həmin müsəlmanlara təhlükə yaratmamaq üçün onlarla əlaqə qurmuruq. Bu, həqiqətən, onlar üçün çox təhlükəlidir”.

Bu il koronavirus pandemiyası ilə mübarizə çərçivəsində müqəddəs Ramazan Bayramını qeyd edəcəklərini bildirən Müfti möminlərin təhlükəsizlik qaydalarını pozmayacaqlarını, namazların məscidlərdə deyil evdə qılınacağını bildirib.

Müsahibə: Qafqaz Ömərov
Tərcümə: Aqil Bəkir