Kriptovalyuta fənninin TƏDRİSİ: “İqtisadi idarəetmədə böyük imkanlar açacaq”

“Müsbət nəticələr əldə etmək üçün dövlət tərəfindən effektiv idarə olunmanın təşkili vacibdir”.

Bu sözləri ölkənin təhsil sistemində ilk dəfə olaraq Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) kriptovalyuta mövzusunda fənnin tədris edilməsinin planlaşdırılmasına münasibət bildirən İqtisad Universitetinin professoru Elşad Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

Professora görə, Azərbaycanın təhsil məkanında kriptovalyuta ilə bağlı tədrisin təşkili günün tələblərinə cavab verir:

“Bu yenilik iqtisadiyyatda formalaşan çağırışlara uyğundur. Ən mühüm məqam odur ki, bu tədris prosesində effektiv yanaşmalara üstünlük verilməlidir. Çünki bu texnologiyalardan istifadə məqsədləri müxtəlifdir. Qeyd olunan maliyyə aktivlərindən bütün dünyada spekluyativ məqsədlər üçün istifadə edilir. Tədris prosesində bu amili nəzərə almaq vacibdir. Ona görə ki, kriptovalyutalar və rəqəmsal texnologiyalar hər bir ölkənin iqtisadi idarəetməsi üçün çox böyük imkanlar açır. Müsbət nəticələr əldə etmək üçün dövlət tərəfindən effektiv idarə olunmanın təşkili vacibdir. Əks halda, bitkoin kimi digər spekluyativ alətlər və maliyyə mexanizmlərinin emisiya edilməsi iqtisadiyyatda çox ciddi fəsadlara səbəb ola bilər. İqtisadiyyatda maliyyə resurslarının investisiya şəklində real sektora istiqamətlənməsi təmin olunmalıdır. Həmin rəqəmsal texnologiyalar buna xidmət etməlidir. Bu baxımdan, kriptovalyuta fənninin tədrisi peşəkarlar tərəfindən həyata keçirilməlidir”.

Gülşən Şərif