Kriptovalyutanı kəskin bahalaşdıran AMİLLƏR: “Qiymətin 100 min dollar həddini keçəcəyi də…”

“Texniki analizlər “Bitcoin” qiymətinin hətta 100 min dollar həddini keçəcəyini də söyləməyə əsas yaradır”.

Bu fikirləri son həftələrdə dünyanın aparıcı kriptovalyutası olan “Bitcoin”in qiymətində kəskin artımın səbəbləri haqda danışan iqtisadçı Rəşad Həsənov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, gələcəkdə kriptovalyuta bazarına gətirilən tənzimləmələr “Bitcoin” də daxil olmaqla, valyutaların qiymətlərinin dəyərsizləşməsinə səbəb ola bilər:

“İlk olaraq onu bildirim ki, son dövrlərdə “Bitcoin” bazarının kapitallaşması ilə bağlı bir neçə iri şirkət tərəfindən böyük yatırımlar edildi. Bu da “Bitcoin” bazarının aktivləşməsinə və məhdud sayda “Bitcoin” olan bazarda qiymətlərin bahalaşmasına gətirib çıxardı. Lakin hazırda aparılan müzakirələrdən onu görmək olur ki, bu bahalaşma qlobal iqtisadiyyatın gələcəyi ilə bağlı investorlarda yaranan şübhələrdən də qaynaqlanan bir davranışın nəticəsidir.

Xüsusilə də İran körfəzi regionunda baş verənlər, Rusiya-Ukrayna savaşının davam etməsi, eyni zamanda, qlobal dəyər zəncirində çatların ortaya çıxması, Federal Ehtiyat Sisteminin uçot dərəcəsini il ərzində artırması, həmçinin Çinin Taylanda hücum riskləri hazırda qlobal investorların dəyərləndirdiyi məqamlardır. Bütün bunlar qlobal iqtisadiyyatın artımı üçün təhlükə olaraq qiymətləndirilir və belə olduğu təqdirdə ehtimal edilir ki, artıq “Bitcoin” bazarına investisiya axını sürətlənir.

Ancaq bu prosesin hansı mərhələyə kimi davam edəcəyi dəqiq proqnozlaşdırılmır. Texniki analizlər “Bitcoin” qiymətinin hətta 100 min dollar həddini keçəcəyini də söyləməyə əsas yaradır. Amma nəzərə almaq lazımdır ki, bu məsələdə bizim yerli investorlar kifayət qədər ehtiyatlı olmalıdır. Çünki bu bazarda volantillik çox yüksəkdir. Kriptovalyuta bazarının necə tənzimlənəcəyi də tam aydın deyil və bu istiqamətdə Mərkəzi banklar tərəfindən ciddi təşəbbüslər var.

Gələcəkdə kriptovalyuta bazarına gətirilən tənzimləmələr “Bitcoin” də daxil olmaqla, valyutaların qiymətlərinin dəyərsizləşməsinə səbəb ola bilər. Bazarın kapitallaşmasında illegal dövriyyə vəsaitlərinin olduğu ehtimal edilir. Bu müəyyən izlənmələrdən yayınmağa çalışan tərəflər arasında bir alət kimi istifadə olunur. Tənzimləmələr bunu məhdudlaşdırarsa, buradan böyük kapital axını baş verə bilər. Bu da kriptovalyutanın ucuzlaşmasına və bizim investorların zərər görmələri ilə nəticələnər”.

Nuray Məmmədzadə

COP29