!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

KTMT-də “olmaq, ya olmamaq”… - Azər Qaramanlı yazır…

!Reklam – Yazi

44 günlük müharibə zəfərindən sonra da biz hələ də Rusiyanın kukla teatrının personajları kimi görünürük…

Azərbaycanın KTMT-yə və Avrasiya İqtisadi İttifaqına üzv olması yenidən gündəmdədir. Kremlin beyin mərkəzinə aid olan və Rusiyanın bugünkü geosiyasi strategiyasının müəlliflərindən biri kimi tanınan filiosof Aleksandr Duqin İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Rusiyanın geosiyasi layihələri olan KTMT-yə və Avrasiya İqtisadi İttifaqına üzvlük vaxtının gəldiyini və bunun üçün heç bir əngəl qalmadığını bildirib. Duqin bildirib ki, Azərbaycanın bu təşkilata üzv olmasının əsas şərti Dağlıq Qarabağ ətrafında olan rayonların azad olunması idi. İndi isə bu maneə ortadan qalxıb. Duqinin fikrincə, Qarabağ münaqişəsi həll olunduğuna görə Azərbaycanın KTMT-yə və Avrasiya İqtisadi İttifaqına üzv olmaması Moskvada anlaşılmazlıq yaradacaq.

Duqinin Avrasiya İqtisadi İttifaqının strateji ideoloqlarından biri olduğunu nəzərə alsaq, bu bəyanat ciddi şəkildə diqqətə alınmalıdır və Kremlin Azərbaycan ictimai rəyinə ünvanladığı açıq ismarıc kimi dəyərləndirilməlidir. Öncəliklə qeyd etməliyəm ki, Aleksandr Duqin Avrasiya İqtisadi İttifaqını və KTMT-ni rus-türk alyansı kimi görür və Rusiyanın bir imperiya olaraq gələcəyinə də bu konteksdən baxır.

Duqinə görə rus-türk alyansı niyə önəmlidir?

Duqinin hazırladığı 21-ci əsr üçün geosiyasi konsepsiyada Rusiya imperiyasının gələcək mövcudluğunun mərkəzində rus-türk alyansı dayanır. Bu heç də təsadüfi deyil və tarixi köklərə dayanır. Tarixi həqiqət ondan ibarətdir ki, Rusiyanın 17-ci əsrdən bu günə qədər bir dünya imperiyası olaraq qala bilməsində türkləri assimliyasiya etməsi əsas rol oynayıb. Məhz Tundradan və Çindən Mərkəzi Avropaya qədər uzanan, Avrasiyanın bütün ticarət yollarına nəzarət edən “Böyük Çöl”ün sahibləri olan qıpçaq və oğuz türklərinin provaslaşdırılaraq assimliyasiya olunması Rusiyanın güçlü bir imperiya olaraq günümüzə qədər gəlməsinə səbəb olub. O türklərin ki, ruslar bunu etiraf etməsələr belə, Rusiyanın bir dövlət və imperiya olaraq formalaşmasında xüsusi mədəni-siyasi təsirləri istisnasız ortadadır. Yəni assimliyasiya olunan türklər Rusiya imperiyasının əsas güc mərkəzini təşkil etməklə yanaşı, Rusiya imperiyasının uzun illər yaşaya bilməsi üçün həm də mədəni-mənəvi və hərbi resurs kimi çıxış ediblər.

Əgər bu resurslar olmasaydı, indi Rusiya Serbiya, ya da Polşa kimi sıradan bir Şərqi Avropa ölkəsi olacaqdı və onun sərhədləri heç Ural dağlarına, Xəzər və Qara dənizlərin sahillərinə  qədər belə, uzanmayacaqdı. Çünki assimliyasiya olunan türklər olmadan az qala Avrasiyanın yarısından çoxuna hökm etmək və 200 ildən artıq Avropanı qorxu içində saxlamaq üçün rusların resursları yetərli deyil. Bu dünən də belə idi, bu gün də belədir.

Hazırda isə bu resurs tam tükənmək üzrədir. Artıq assimliyasiya olunmuş türklərin gücü Rusiya imperiyasını yaşada bilmək üçün yetərli deyil. İndi artıq slavyan ölkələri də Rusiyanın təbii müttəfiqləri deyil, onlar hamısı Moskvaya arxa çeviriblər. Rusiyanın yeganə təbii müttəfiqi kimi görünən Belarusun isə yaxın zamanlarda Rusiyanın orbitindən qopması qaçılmaz görünür.

Bütün bunları Duqin kimi Kreml strateqləri hamıdan yaxşı anlamaqdadırlar. İmperiyanın davam edə bilməsi üçün yeni resursa (xammala) ehtiyacı var. Bu üzdən də Duqinin 21-ci əsr üçün geosiyasi konsepsiyası assimliyasiya olunmayan (ya da yarıassimliyasiya olan) və instinktiv olaraq Rusiyanı düşmən və təhlükə kimi görən türklərlə yeni alyansa dayanır. Yəni söhbət müsəlman olduqlarına görə tam assimliyasiyadan kənarda qalan türklərin Rusiya ilə yenidən eyni geosiyasi və geoiqtisadi məkanda birləşdirilməsindən, bu türklərin tədricən assimliyasiya olunmasından və Rusiyanın imperiya-dövlət olaraq hələ bir neçə əsr də yoluna davam etməsindən gedir.

Duqinin geosiyasi konsepsiyasında heç də Türkiyə birinci yerdə deyil. Lakin digər yarı assimliyasiya olunmuş türklərlə liderlik edən Türkiyənin bu alyansda olması əsas şərtdir.

Söhbət ilk növbədə hələ də milli özünüdərk prosesini tam başa vurmayan Mərkəzi Asiya və Azərbaycan (o cümlədən İran türkləri də) türklərindən gedir. Mərkəzi Asiya və Azərbaycan türkləri ilə inteqrasiyanı dərinləşdirmək bu gün yeni rus neoimperalistləri üçün həyati əhəmiyyət daşıyır. Bu inteqrasiyada Türkiyənin olması isə planın daha geniş bir şəkildə həyata keçməsidir. Həmçinin Türkiyənin və İran türklərinin də Rusiya ilə bir alyansda olması imperiya olaraq Moskvanın daha geniş ərazilərə nüfuz etməsini təmin edə bilər.

Mədəni dominantlığa və açıq işğalçı meyllərə sahib olan ruslar bu planı özləri üçün əlçatan hesab edirlər və “şimal ayısı” bunun üçün bir əlində “xoş niyyət”, digər əlində isə zopayla bizim üzərimizə gəlməkdədir.

44 günlük müharibədən sonra yaranan geosiyasi mənzərə

Duqinin bəyanatında diqqət çəkən ifadə “Qarabağ münaqişəsi həll olunduğuna görə Azərbaycanın KTMT-yə və Avrasiya İqtisadi İttifaqına üzv olmaması Moskvada anlaşılmazlıq yaradacaq”, cümləsidir və bu cümlə əslində təhdid xarakterlidir.

44 günlük müharibədə Azərbaycanın işğal altında olan və Dağlıq Qarabağ münaqişəsinin predmeti olmayan 7 rayonun azad olunmasına göz yuman Moskva Xankəndi üçün təhlükə yarananda, bir anda öz ordusu ilə ortaya çıxdı və bir geçə ərzində sülhməraml qüvvə adı altında Dağlıq Qarabağın ermənilərin nəzarəti altında qalan hissəni faktiki olaraq ilhaq etdi.

Bu da bir həqiqətin əslində aksioma olduğunu ortaya qoydu- özünü sülhməramlı adlandıran, lakin heç bir mandata sahib olmayan Rusiya ordusu münaqişənin qorunub saxlanılması üçün Dağlıq Qarabağdadır və bu gün öz missiyasını açıq şəkildə həyata keçir.

Alayarımçıq hazırlanan, daha doğrusu, münaqişənin həlli üçün heç bir qapı açmayan 9 noyabr bəyanatı da yeni status-kvonun rəsmiləşdirilməsidir və bu bəyanatın mahiyyəti münaqişənin daha bir neçə onilliklər boyu dondurulmuş vəziyyətdə saxlamaqdan ibarətdir. Bəyanatın ən diqqət çəkən maddəsi isə Zəngəzur dəhlizi ilə bağlıdır. Məhz bu dəhliz Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasını təmin edən faktora çevrilə bilər. Sabah bu dəhlizin hansı səviyyədə reallaşması Cənubi Qafqazda davamlı sülhün olub-olmayacağını müəyyənləşdirəcək.

Əslində artıq demək olar ki, Rusiya Dağlıq Qarabağda ikinci genişmiqyaslı müharibənin başlamasına məhz Zəngəzur dəhlizinə görə imkan verib. (Lakin ola bilər ki, Ermənistanın bu qədər sürətlə məğlub olması Moskvanın gözləntiləri üstündə olub və Rusiyanı pis vəziyyətdə qoyub. Çünki müharibə bir neçə gün daha davam etsəydi, Rusiya arbitr olaraq bütün imkanlarını itirəcəkdi. Ya da Azərbaycana qarşı özü müharibə etmək məcburiyyətində qalacaqdı.) Zəngəzur dəhlizi Rusiya üçün hər şeydən daha önəmlidir. Bu dəhliz təkcə Azərbaycanla Ermənistan arasında sülhə nail olmaq üçün əhəmiyyətli deyil. Dəhlizin əsas əhəmiyyəti rus-türk alyansını formalaşdırmaq yolunda atılan önəmli bir addım olmasındadır. Yəni Zəngəzur dəhlizi Türkiyə ilə Rusiyanın inteqrasiyası üçün önəmli addımdır.

Türkiyə Rusiyanın neoimperalist planına necə yanaşır?

Rusiya-Türkiyə münasibətlərinin gələcək perespektivlərini proqnozlaşdırmaq bu gün demək olar ki, mümkün deyil. Çünki sözügedən münasibətlər o qədər ziddiyyətli və ziqzaqlıdır ki, hazırda bu münasibəti ancaq “mehriban düşmən” prinsipləri ilə izah etmək olar. Görünən odur ki, bütün ziddiyyətlərə baxmayaraq, Putin Türkiyə ilə münasibətlərdə səbr nümayiş etdirməkdə və münasibətləri strateji müttəfiqlik səviyyəsinə qədər qaldırmaqda əzmlidir.

Günümüzdə Türkiyənin geosiyasi sıçrayışını təmin edən Ərdoğanın simasında Ankaranın Moskvanın niyyətlərinə heç də güvnmədiyi və xoşgörü ilə baxmadığı da ortadadır. Lakin hər şeydən əvvəl demək olar ki, bütün geosiyasi nöqtələrdə fərqli maraqlara sahib olan Ankara və Moskvanın əzmlə ortaq nöqtələr tapmağa cəhd eləmələri də ortadadır və hər iki tərəf bunu məcburiyyət kimi qəbul edir.

Bütün məsələ ondadır ki, bu məcburiyyət nə qədər davam edə bilər? Bəs Ankara həyati maraqları arasında olan Yaxın Şərqdə və Cənubi Qafqazda istədiyini əldə etdikdən və Qərblə konsensusa gəldikdən sonra Rusiya ilə necə davranacaq? Ona arxa çevirmiyəcəkmi? Bu sual “Domokl qılıncı” kimi Kremlin üzərindən asılıb və Moskva üçün əsas məsələ inteqrasiyanı geridönməz səviyyəyə çatdırmaqdan ibarətdir. Bu isə Türkiyənin Qərb düşərgəsindən tamamilə qopması deməkdir.

Bəs Ankarada bunu gözə ala bilərlərmi? Yəqin ki, Qərbdən tamamilə ayrılıb Rusiyanın ağuşuna düşməyin nə demək olduğunu Türkiyədə yaxşı anlayırlar…

Bu üzdən Rusiya-Türkiyə münasibətlərinin hansı səviyyəyə qədər inkişaf edəcəyini, ya da hansı səviyyədə iplərin qopacağını proqnozlaşdırmaq mümkün deyil. Ona görə də Türkiyə-Rusiya münasibətləri məcburən ortaya çıxan gündəlik ziddiyyətləri çozməkdən ibarətdir və bu münasibətləri heç də eyni hədəfə can atan müttəfiq münasibətləri adlandırmaq mümkün deyil.

Əslində hər iki tərəfin hədəfi eynidir: Avropa və Asiyanın sərhədində daha böyük gücə sahib olmaq. Bu əsrlər boyu Osmanlı və Rusiya imperiyalarının əsas hədəfi olub və həmin geosiyasi hədəf gün də dəyişməyib. Bu eynilik də tərəfləri ayıran faktordur. Lakin belə görünür ki, Qərbin artan təzyiqləri qarşısında bu iki regional güc bir neçə onillik boyu bir çox strateji sahələrdə əməkdaşlıq etməyə məcbur olacaqlar.

Dağlıq Qarabağda indiki status-kvo dəyişə bilərmi?

Rusiya-Türkiyə münasibətindəki kövrəklik təbii olaraq 44 günlük müharibədən sonra Dağlıq Qarabağda formalaşan indiki status-kvoya təsir edir. Rusiyyanın münqişənin həllini imkansız hala gətirmək üçün ortaya qoyduğu qətiyyət onu deməyə əsas verir ki, Dağlıq Qarabağdakı indiki status Moskvanın istəyi ilə dəyişə bilər. 30 il əvvəl Azərbaycanı məğlub hala gətirən, altı ay əvvəl isə münaqişəni başlanğıc nöqtəsindəki status-kvoya qaytaran və son anda Ermənistanı xilas edən Moskvanın sabah baş verəcək geosiyasi prosseslər fonunda necə davranacağını təxmin etmək mümkündür. Rusiya öz maraqları naminə Azərbaycanı bir daha Ermənistan qarşısında məğlub hala gətirə bilər və bunu gözardı etmək bizim üçün əsil fəlakətə yol açar.

Hər şey təbii ki, Rusiya-Türkiyə münasibətlərinin necə inkişaf edəcəyindən asılı olacaq. Yəni Rusiya-Türkiyə münasibətlərində iplər bir çox prosseslərdə qopa bilər. Bu, Türkiyənin Qərblə olan münasibətlərindəki dəyişikliklərə görə də, Suyiyada, Liviyada, ya da elə Dağlıq Qarabağda baş verən prosseslərlə bağlı da baş verə bilər və Rusiya-Türkiyə münasibətlərində geridönməz bir qopma yaşana bilər. Bu zaman çox şey məhz Bakının sərgildiyi mövqedən asılı ola bilər- əgər biz bütün bu ehtimallara hazır olsaq!..

Artıq Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri olan ABŞ və Fransanın nəzarətindən kənara çıxdığı aydındır. O da aydındır ki, Rusiya sülhməramlı adıyla Dağlıq Qarabağa öz ordusunu yerləşdirməklə, əslində münaqişənin həllində özünün dominant rolunu daha da artırıb. Hazırda münaqişənin həlli ilə bağlı Moskvanın tərəf müqabili artıq Vaşinqton və Paris deyil, Ankaradır. Münaqişənin necə inkişaf edəcəyi də bu iki ölkənin münasibətlərindən asılıdır. Əslində Moskva işğal altında olan Şuşa və 7 rayonun Azərbaycan ordusunun nəzarətinə keçməsinə imkan yaratmaqla və öz ordusunu Xankəndi və ətrafında yerləşdirməklə Dağlıq Qarabağı girov götürmüş oldu və bundan Türkiyəyə qarşı təzyiq kimi istifadə edəcək.

Bəs bu durumda, Gücüstanda, Ukraynada, hətta Moldavada yaranan vəziyyətə düşməmək üçün Azərbaycan nə etməlidir? Doğrudanmı KTMT-yə və Avrasiya İqtisadi İttifaqına üzv olması Azərbaycanı yeni təhlükədən qoruya bilər?

KTMT-yə və Avrasiya İqtisadi İttifaqına üzv olmaq Azərbaycana Ermənistan qarşısında hansı üstünlük saxlaya bilər?

Hər şeydən əvvəl Azərbaycanın KTMT-yə üzv olması Ermənistanın Rusiya ilə hərbi ittifaqının doğurduğu təhlükəni qismən ortadan qaldıra bilər. Əgər bu gün Ermənistana hücum etmək eyni zamnda Rusiyaya hücum kimi dəyərləndirilirsə, KTMT-yə üzv olduqdan sonra Azərbaycan da eyni statusa sahib olacaq. Yəni Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq aləmdə tanınan sərhədlərinə olan hücum hüquqi baxımdan Rusiyaya qarşı hücum kimi dəyərləndiriləcək. Bu isə Dağlıq Qarabağ münaqişəsində hər iki tərəfə silahdan istifadə etməmək qorxusu yaratmaqla yanaşı, eyni zamanda Azərbaycan-Ermənistan münaqişəsinin həllində Rusiyanı tam dominant hala gətirəcək və de-fakto Türkiyəni münqaişənin həllindən kənarlaşdıracaq. Təbii ki, Rusiya Dağlıq Qarabağa status verilməsi məsələsində də israrlı olacaq.

Bu durumda Azərbaycana qarşı bütün məsələlərdə Moskvanın açıq təzyiqləri gə artacaq və faktiki olaraq suvernlik məsələsində də Ermənistanla eyni vəziyyətdə olacaq, yəni Bakı Moskvanın direktivlərindən çox kənara çıxa bilməyəcək.

Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzv olması isə iqtisadi cəhətdən faktiki olaraq heç bir şeyi dəyişməyəcək. Azərbaycan Ermənistan istisna olmaqla bu ittifaqa üzv olan bütün ölkələrlə yüksək iqtisadi əlaqələrə sahibdir və Aİİ olmadan da bu ölkələrlə ikitərəfli qaydada ticarət əlaqələrin gücləndirə bilər.

Lakin bu ittifaqa üzvlük Azərbaycan üçün geosiyasi dəyişikliklərə səbəb ola bilər. Hər şeydən əvvəl KTMT-yə və Aİİ-yə üzv olmaq Azərbaycanın “Qoşulmama Hərəkatı”ndan çıxması demək olacaq. Eyni zamanda Aİİ-yə qoşulmaq “Zəngəzur dəhlizi”nin daha tez və aktiv bir şəkildə həyata keçməsini saxlayacaq. Lakin bu halda da Azərbaycandan keçən nəqliyyat xəttləri de-fakto Moskvanın əlinə keçəcək və yekun sülh sazişi əldə etmədən belə, Ermənistan Azərbaycan ərazilərindən tranzit kimi istifadə edəcək.

“Olmaq, ya olmamaq”

Bu gün KTMT Azərbaycanın qarşısında Şekspirin Hamletinin məşhur monoloqundakı sual kimi dayanıb: “Olmaq, ya olmamaq?” Bu sualın cavabını vermək hazırda mümkünsüz görünür. Sırf ona görə ki, Dağlıq Qarabağ münaqişəsində hər zaman olduğu kimi yenə də baş rolda Rusiyadır…

www.yenicag.az

428
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv