Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) liderləri bu gün Tacikistan prezidenti Emoməli Rəhmonın sədrliyi ilə videokonfrans keçiriləcək.
Yenicag.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, konfransda Əfqanıstandakı son vəziyyət, təşkilata üzv dövlətlərin təhlükəsizliyinin təmin olunması, həmçinin mümkün sərhədlərarası çağırış və təhdidlərə birgə effektiv cavab verilməsi məsələləri ətrafında müzakirələr aparılacaq.
Emoməli Rəhmonın sədrliyi ilə keçiriləcək KTMT iclasına Rusiya prezidenti Vladimir Putin, Belarusiya prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov və Ermənistanın Baş naziri Nikol Paşinyan qatılacaq.
Təcili KTMT iclasının Vladimir Putinin dünən verdiyi sərt açıqlamalar fonunda keçirilməsi isə rəsmi Moskvanın “qaçqın” narahatlığından qaynaqlanır.
Belə ki, Putin Əfqanıstandakı vəziyyətin Rusiyanın təhlükəsizliyinə birbaşa təhdid olduğunu dilə gətirib.
Kremlin sahibi əfqan qaçqınların Mərkəzi Asiya ölkələrinə yerləşdirilməsinə qarşı olduğunu, bura axın edən insanlar arasında terrorçuların ola biləcəyini vurğulayıb:
“Qərb qaçqınların ABŞ və başqa ölkələrdən viza alana qədər Mərkəzi Asiya ölkələrinə yerləşdirilməsində israr edir. Deməli, qonşu ölkələrə insanları vizasız göndərməyi mümkün hesab edirlər, lakin onları öz ölkələrinə vizasız qəbul etmirlər. Bu, problemin həllinə dair aşağılayıcı düşüncədir. Sözügedən ölkələrə qaçqınların daxil olduğunu düşünün, biz onların kim olduğunu necə bilək? Deyək ki, qaçqınlarla gələn terrorçu maşına, eşşəyə minib gəldi. Onda biz nə edəcəyik? Qaçqın adı ilə ölkəmizə yenidən terrorçuların girməsini, Şimali Qafqazda 90-cı və 2000-ci illərdə yaşananların hansısa formada təkrarlanmasını istəmirik”.
Göründüyü kimi, Putin Orta Asiyanın sərhədlərinin qorunmasının rus əsgərlərinin öhdəsinə düşə biləcəyindən narahatdır. Əfqanlar isə rus əsgərlərini ötən əsrin 80-ci illərində bir dəfə məğlub ediblər.