KTMT-nin qopub üzülməyən “ZƏİF BƏND”İ: “İrəvanda NATO-ya qəbul ediləcəklərini düşünürlərsə…”

“İrəvanın KTMT-dən çıxmaq niyyəti ilə tutduğu yol ölkənin təhlükəsizlik məsələsini ön plana çıxaracaq”

Bu fikirləri Ermənistanın üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə anlaşılmaz münasibətini dəyərləndirən politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, Ermənistan hakimiyyətinin son addımları İrəvanın KTMT ilə bağlarını kəsməyə yönəlib:

“KTMT-dən nümayəndəni geri çağırıb yenisi ilə əvəz etməmək, daha sonra isə təşkilatın keçirdiyi sammitin yekun sənədini imzalamamaq, əlavə olaraq da noyabrın 23-ü keçiriləcək iclasda iştirakdan imtina etmək açıq-aşkar Paşinyanın həmin blokdan çıxmaq niyyətinin nümayişidir.

Bunu nə məqsədlə etdikləri bizi maraqlandırmır. Lakin əgər KTMT-dən çıxaraq NATO-ya qəbul ediləcəklərini düşünürlərsə, bu, utopik yanaşmadır. NATO-da Türkiyə və Macarıstanın təmsilçiliyi Ermənistanın alyansa üzv olmaq istəyini “beşik”dəcə boğur.

Ermənistanın belə bir kurs seçməsi sonda yalnız özünə ziyan verəcək. Çünki başqa ölkələrə qarşı ərazi iddiaları irəli sürən ölkədən təxribatdan başqa nəsə gözləmək olmaz.

İrəvanın KTMT-dən çıxmaq niyyəti ilə tutduğu yol ölkənin təhlükəsizlik məsələsini ön plana çıxaracaq. Əgər Ermənistan, həqiqətən, KTMT-dən çıxa bilsə, Rusiya hər hansı formada Ermənistanı cəzalandıracaq. Lakin bu cəzanın hansı formada olacağını indidən söyləmək çətindir”.

Nəsimi Ələsgərli