KTMT Ukrayna müharibəsinə qoşulur? – “Onlar birbaşa döyüşlərə cəlb edilə bilərlər”

“Rusların tipik bir xüsusiyyəti var ki, onlar hər zaman özlərinə aid olmayan ölkələrin insan resurslarından bu və ya digər şəkildə istifadə edirlər. Bu isə qeyri-adi bir şey deyil”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Azər Hüseynov deyib.

Siyasi şərhçi koreyalı muzdluların Ukrayna müharibəsinə cəlb olunması fonunda Moskvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvü olan dövlətlərdən də hərbi yardım istəyəcəyi ilə bağlı yayılan informasiyaları şərh edib.

Onun sözlərinə görə, hansı məqsədlərlə istifadə olunub-olmamasından asılı olmayaraq, koreyalıların müharibəyə cəlb olunması ümumi müdafiə xəttinin möhkəmləndirilməsinə xidmət edən bir amildir və əgər zərurət yaranarsa, koreyalılar birbaşa döyüşlərə cəlb edilə bilərlər.

“O ki qaldı KTMT-nin Ukrayna müharibəsinə cəlb olunmasına, KTMT əvvəlki kimi Rusiyadan asılı bir qurum deyil. Çünki burada təmsil olunan ölkələrin hərəsinin ayrı-ayrı müttəfiqləri və maraq dairələri mövcuddur. Bəzilərinin liderləri isə kifayət qədər xarizmatik şəxsiyyətlərdir və müstəqil qərar qəbul etmək imkanlarına malikdirlər. Odur ki, Rusiyanın belə bir dövrdə KTMT-dən silahlı qüvvə istəməsi, məncə, mümkün deyil, hətta ruslar belə bunu etməz. Çünki KTMT-nin hansısa bir üzvü indiki geosiyasi fonda ruslara əsgər verməz. Ona görə də bu məsələni real hesab etmirəm”, – deyə o əlavə edib.

A.Hüseynovun fikrinə görə, hadisələrin sürəti o qədər həndəsi silsilələrlə dəyişikliklərə məruz qalır ki, bəzən bir məsələnin ortaya çıxması vəziyyətin dəyişməsinə səbəb ola bilir:

“Məsələn, Kursk vilayətində qəflətən ukraynalıların hücuma keçməsi buna nümunədir. Doğrudur, onlar strateji üstünlüyə sahib olmadılar, əksinə, sadəcə, bir az rezonans verdi. Amma hücum elə bir anlayışdır ki, bunun növbəti mərhələdə insan, silah və digər resurslarla davam etdirilməsi lazımdır.

KTM ölkələrinə gəldikdə isə onlar birbaşa və açıq şəkildə Rusiyanın tərəfində Ukraynaya qarşı silahlı qüvvələrini cəlb etməyəcəklər. Lakin hər bir halda fors-major hal ola və böyük dövlətlərin davranışları anidən dəyişə bilir ki, bu barədə ehtimalları hər zaman nəzərə almaq lazımdır”.

Xatırladaq ki, bir sıra rus “Telegram” kanalları məlumat yayıb ki, Şimali Koreya ordusu Çin, Rusiya və Şimali Koreya arasında ortaq razılığa əsasən Ukraynada cəbhə xəttində olmayacaqlar.

Qeyd olunur ki, onlar Kursk, Bryansk, Krımda müdafiəyə cəlb olunacaqlar. Lakin Kremlə yaxın insayderlər bildirir ki, bu ssenaridə Rusiya daha sonra öz ərazilərini qorumaq üçün KTMT-dən qoşun tələb edə və bu ölkələri pis vəziyyətdə qoya bilər.

Rafi Müslümov

COP29