Bu gün Azərbaycan Kunq Fu Federasiyasının idarə heyətinin iclası keçirilib.
Yenicag.az bildirir ki, iclası açıq elan edən Federasiyanın prezidenti Nurlan Aslanov ölkə Prezidenti cənab İlham Əliyevin idmana, idmançılara göstərdiyi diqqət və qayğıdan bəhs edib, federasiyanın qarşıya qoyduğu hədəfləri açıqlayıb.
Daha sonra İdarə Heyətinin qərarı ilə bir sıra vəzifələrə təyinatlar olub, yeni tərkib formalaşıb.
Belə ki, kikboksinq üzrə 5 qat dünya çempionu, Prezident mükafatçısı, dəfələrlə beynəlxalq turnirlərin qalibi olmuş Ehram Məcidov ümumi işlər üzrə vitse-prezident, iş adamı Tural Alişanlı ictimaiyyətlə əlaqələr üzrə vitse-prezident, dünya və Avropa çempionu, Prezident mükafatçısı, əməkdar idman ustası Emil Hacıyev peşəkarlar üzrə baş məşqçi, dünya və Avropa çempionu, əməkdar idman ustası Ramin Allahverdiyev böyüklər üzrə baş məşqçi, dünya çempionatının mükafatçısı, idman ustası Aqil Mustafayev gənclərin baş məşqçisi və İntizarə Məmmədova mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunub. Yeniyetmələrin baş məqçiliyi isə dünya çempionu, idman ustası Ellər Orucova həvalə edilib.
Yeni vəzifələrə təyin olunan idman camiyasının tanınmış simaları öz çıxışlarında belə bir mühüm vəzifələrə etimad göstərildiyi üçün federasiya rəhbərliyinə təşəkkür ediblər. Onlar dövlət başçısının ətrafında sıx birləşdiklərini, dövlətin idman sahəsində idmançıların qarşısına qoyduğu öhdəliyi yüksək səviyyədə həyata keçirəcəklərini diqqətə çatdıraraq, gənc nəslin sağlam mühitdə yetişməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini vurğulayıblar.
Sonda bu il baş tutacaq daxili və beynəlxalq yarışlar müzakirə edilərək yekun qərar verilib.