Türkiyə mediasında Mehmet Uçumun yeni kürd siyasəti ilə bağlı planı yayılıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Caucasian Live” “Telegram” kanalı məlumat yayıb.
Kanal yazır ki, 2015-ci ildə Türkiyə prezidentinin baş məsləhətçilərindən biri təyin olunan Uçum Qars vilayətində anadan olub və əslən kürddür. Uçumun İslamçı və iqtidarçı mövqeyi onun kürdlər arasında nüfuzuna təsir göstərib. Qeyd olunur ki, M. Uçum həm də zaman-zaman haqqında bəhs edilən yeni konstitusiyanın müəlliflərindən biridir.
Yerli medianın əldə etdiyi məlumatda bildirilir ki, Uçumun planına əsasən, Türkiyə dövləti PKK ilə yaxınlaşmalı, təşkilatı tərksilah edərək dinc siyasi partiyaya çevirməli və daha sonra DEM Partiyasını aradan qaldırmalıdır.
İddialara görə, M. Uçum legitim DEM Partiyası ilə anlaşmaq əvəzinə, birbaşa PKK ilə anlaşmağı və onu türk siyasətində partiyaya çevirməyi əsas məqsəd elan edir.
Ankara hesab edirlər ki, siyasal-islamçı mövqeyinə baxmayaraq, Uçumun təklifləri hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) tərəfindən qəbul edilməyəcək. Analitiklərin fikrincə, Türkiyə hökuməti PKK-nı legitim bir qurum saymır və onunla masaya oturmaqla bağlı rəsmi Ankaranın niyyəti yoxdur.
Xatırladaq ki, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalının Abdullah Öcalanla bağlı səsləndirdiyi və rezonansa səbəb olan fikirlər son 1 həftədir ki, Türkiyənin gündəmini zəbt edib. Bundan əlavə, “ana müxalifət” Cümhuriyyət Xalq Partiyasının (CHP) Esenyurt bələdiyyə başqanı Əhməd Özerin PKK ilə əlaqələrinin olması ittihamı həbs edilməsi müzakirələrə səbəb olub.
Qeyd edək ki, bu yaxınlarda Prezident Rəcəb Tayyip Ərdoğan rəhbərlik etdiyi partiyanın qrup toplantısında sözügedən məsələ ilə bağlı açıqlama vermişdi. Prezident fikirlərində dövlətin yalnız kürd xalqı ilə dialoq aparacağını və kürd probleminin şərqdə yaşayan kürdlərlə həll ediləcəyini bəyan etmişdi. O, həmçinin dövlətin PKK ilə hər hansısa müzakirə masasına oturması ehtimallarının üzərindən də xətt çəkmişdi.
Rafi Müslümov