“Kürd məsələsində Türkiyə, İran və Suriyanın mövqeyi üst-üstə düşür” – Rusiyalı ekspert

Suriyadakı proseslər fonunda Rusiyanın ABŞ və İran arasında manevr etməli olduğu bildirilir.

Bu barədə Yenicag.Ru-ya açıqlamasında Rusiyalı politoloq, Yaxın Şərq üzrə mütəxəssis Anton Mardasov danışıb:

“Bəyanat siyasəti heç vaxt real siyasət sayılmır. Ona görə də Rusiya Müdafiə Nazirliyinin sərt açıqlamalarına baxmayaraq, Moskva ilə Vaşinqton arasında təmaslar davam edəcək və hətta dərinləşəcək. Digər tərəfdənsə, İŞİD-in nəzarətində olan ərazilər azaldıqca, o torpaqların kimin nəzarətinə keçməsi məsələsi də aktuallaşır. Son gərginlik də məhz bu məsələdən qaynaqlanır.

Mardasovun fikrincə, hazırda ABŞ İŞİD-lə mübarizə və Körfəz ölkələri ilə birlikdə anti-İran ritorika dilemması arasında qalıb:

“Onlar üçün demokratik qüvvələrin köməyi ilə Rakkanı azad etmək, Deyr-əz-Zorda fəaliyyət göstərmək, İŞİD-lə mübarizənin effektivliyi üçün Suriyanın cənubunda sünni tayfaların köməyi ilə Əbu-Kamal şəhərini ələ keçirtmək çox vacibdir. Çünki İŞİD ortaya çıxan dönəmdə İraqla sərhəddəki Əbu-Kaim şəhərində “Əl-Qaidə”nin da güclü nüvəsi yaradılıb. İŞİD-lə mübarizə üçün o ərazilərin sünni tayfaların nəzarətində olması lazımdır”.

Politoloq əlavə edib ki, Suriya hakimiyyəti və İran ölkədəki proseslərin inkişafı ilə bağlı öz şərtlərini diqtə etməyə çalışsalar da, onların daha güclü ölkənin – Rusiyanın dəstəyinə ehtiyacları var:

“Onlar göstərmək istəyirlər ki, Suriyada gərginliyin əsas yaradıcısı məhz ABŞ-dır və o, olmasa, İŞİD-i tez bir zamanda məhv etmək mümkündür. O baxımdan, Rusiyanın da Suriyadakı münaqişə tərəfləri arasında manevr etməsi zəruridir”.

Ekspertin sözlərinə görə, regionda özünü göstərən kürd məsələsində Türkiyə, İran və Suriyanın mövqeləri üst-üstə düşür:

“Türklərə sərf edir ki, kürdlər Fəratın qərb sahilindən çəkilsinlər. Əgər Suriya ordusu da buna qarşı çıxsa, o zaman türklər çalışacaqlar ki, kürdləri Fəratın sağ şərq sahilinə sıxışdırsınlar. Bu mənada, Türkiyə, İran və Suriyanın kürdlərin zəiflədilməsi məsələsində mövqeləri üst-üstə düşür. Hər halda, “Fərat qalxanı” əməliyyatı Dəməşq və Tehranın razılığı ilə başlamışdı”.

 

Yenicag.Az

COP29