Kürdə suyun səviyyəsi azalıb

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-100, Kiçik Qafqazın çaylarında 60-120, Lənkəran-Astara bölgəsi çaylarında isə 20-50 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, aprelin 21-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 374 m3/s olmaqla ongünlük normanın 53 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 345 m3/s olmaqla ongünlük normanın 48 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 150 m3/s olmaqla, ongünlük normanın 84 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 152 m3/s təşkil edərək ongünlük normanın 85 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, aprelin 21-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 20, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində 23 sm azalma, Şirvanda 2, Salyanda 3 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 396 sm (2016-cı il aprelin 21-də 430 sm), Şirvanda 307 sm (2016-cı il aprelin 21-də 373 sm), Salyanda 238 sm (2016-cı il aprelin 21-də 249 sm), Bankədə 203 sm (2016-cı il aprelin 21-də 213 sm), Araz çayının Novruzlu məntəqəsində isə 93 sm (2016-cı il aprelin 21-də 150 sm) təşkil edir.

Yeniçağ.az