“Kürdlər Türkiyə ordusu ilə təkbətək döyüşdə məğlubiyyətə məhkumdurlar” – Rusiyalı hərbi ekspert

“Suriyadakı Rusiya qüvvələrinin Türkiyə təyyarələrinə atəş açmaq öhdəliyi yoxdur”.

Bu fikirləri Yenicag.Ru-ya açıqlamasında Türkiyənin Suriyada başladığı “Zeytun budağı” əməliyyatını dəyərləndirən Rusiyalı hərbi ekspert Andrey Frolov deyib.

Frolovun sözlərinə görə, Türkiyə “Zeytun budağı” əməliyyatının həyata keçirilməsində Suriyada İŞİD-ə qarşı apardığı döyüşlərin təcrübəsindən müəyyən nəticələr çıxarıb:

“Hazırda Türkiyə hərbi komandanlığının planları haqqında məlumat olmadan nəsə qiymətləndirmə aparmaq çətindir. Türkiyə Afrinlə bağlı nəyə nail olmaq istədiklərini tam açıqlamır.

Eyni zamanda, Türkiyə hərbi kontingentinin bu əməliyyatın gedişində möcuzə göstərdiyini söyləmək olmaz. Həmçinin hər hansı ciddi itkiyə məruz qaldığını da demək üçün əsas yoxdur. Türkiyənin bu əməliyyatda sadəcə, bir “Leopard” tankının zədələndiyi, kürd döyüşçüləri və əhali arasında isə itkilərin olduğu haqda məlumat var.

Fikrimcə, türklər bu əməliyyatın icrasında İŞİD-lə apardığı döyüşlərin təcrübəsindən əsaslı surətdə faydalanır. Ona görə də, kürdlərin vəziyyəti kifayət qədər mürəkkəbdir.
Ancaq Türkiyənin bu əməliyyat haqqında əvvəldən verdiyi anonsları nəzərə alsaq, kürdlərin hazırlaşmaq üçün xeyli vaxtları vardı. İŞİD-dən fərqli olaraq, kürdlərin silah əldə etmələri üçün leqal kanalları mövcuddur. Eyni zamanda, kürd silahlı dəstələri də müəyyən döyüş təcrübəsinə malikdirlər.

Mənə belə gəlir ki, Afrin əməliyyatı Türkiyə üçün heç də “rahat gəzinti” olmayacaq. Ancaq tərəflərin güc və imkanlarına baxdıqda, Türkiyə hərbi kontingentinin öz məqsədinə çatacağı şübhə doğurmur. Nəyin bahasına olursa-olsun, qarşıya qoyulan məqsədə nail olunacaq.

Zamanında Amerika, Almaniya, hətta Rusiya da kürdlərə silah göndərib. Həmçinin onlar özləri də döyüşlər zamanı müəyyən silah-sursat, o cümlədən müəyyən sayda tank qənimət götürüblər. İndiki halda kürdlər Türkiyə ordusu ilə təkbətək döyüşdə məğlubiyyətə məhkumdurlar. Belə bir qüvvəyə qarşı müqavimət göstərmək mümkün deyil. Digər tərəfdən, Türkiyə də hələ ki qarşısına çox böyük məqsəd qoymayıb. Düşünürlər ki, “əməliyyatın birinci hissəsi bitsin, sonrasına baxarıq”.

Ekspert qeyd edib ki, Türkiyə ilə Rusiya arasında Afrin əməliyyatı ilə bağlı müəyyən anlaşma var:
“Rusiyanın Suriyada qurduğu və bir sıra əraziləri əhatə edən hava hücumundan müdafiə sistemlərinin imkanlarını şişirtməyə ehtiyac yoxdur. Həmin ərazilərdə əsasən, Rusiyanın hərbi bazaları və Suriya ordusunun bölmələri yerləşir. Ona görə də, Rusiyanın qarşısında Suriyanın hava məkanını bütövlükdə qorumaq kimi bir vəzifəsi, Türkiyə təyyarələrinə atəş açmaq öhdəliyi yoxdur”.

COP29