“Kürdlərin ABŞ-a meyillənməsi Rusiya ilə Türkiyəni daha da yaxınlaşdırır” – Rusiyalı hərbi ekspert

“Türk-kürd qarşıdurmasına qarışmaması üçün rəsmi Moskvaya ciddi təzyiq göstərilir”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin dosenti, hərbi ekspert Aleksandr Perenciyev deyib.

Ekspertin fikrincə, ABŞ-ın Suriyada kürdlərdən ibarət “sərhədlərin təhlükəsizlik qüvvələri” yaratmaq niyyəti vəziyyəti gərginləşdirib:

“Hazırda Afrin bölgəsində vəziyyətin xeyli kəskinləşməsi bir daha təsdiqləyir ki, Suriya böhranı ilə bağlı kələf son dərəcə dolaşıb. O baxımdan, Yaxın Şərqdə, həmçinin Suriyada cərəyan edən proseslərin əsas iştirakçıları olan ölkələrdə dövlətlər və millətlər arasında ciddi ziddiyyətlər yaranıb.

Türklər və kürdlər arasında Afrində bundan əvvəl də toqquşmalar baş verirdi. Lakin ABŞ-ın kürdlərdən ibarət “sərhədlərin təhlükəsizlik qüvvələri” yaratmaq niyyəti vəziyyəti daha da gərginləşdirib.

Vaşinqton və onun müttəfiqlərinin bu qərarı ilk növbədə Suriyada, eyni zamanda Yaxın Şərqdə sabitliyin pozulmasına yönəlib. Digər tərəfdənsə, bu addım Rusiya, Türkiyə və İranı Suriya “teatr”ından vurub çıxarmağa xidmət edir. Bu addımın arxasında həm də Türkiyə və İrana əlavə təzyiq imkanları qazanmaq məqsədi dayanır.

Mətbuatın Rusiya hərbi kontingentinin Afrindən çıxarılması haqda xəbəri, xarici işlər naziri Sergey Lavrovun isə həmin məlumatları təkzib etməsi belə deməyə əsas verir ki, türk-kürd qarşıdurmasına qarışmaması üçün rəsmi Moskvaya ciddi təzyiq göstərilir. Afrin bölgəsi ətrafında yaranmış situasiya ilə əlaqədar Türkiyə və Rusiya arasında dəqiq anlaşmanın olmaması da qeyd olunmalıdır”.

Perenciyev hesab edir ki, Türkiyə ilə Rusiya arasında yeni hərbi toqquşmanın qaçılmazlığı haqda iddialar tam əsassızdır:

“Bu ölkələr arasında nəinki toqquşma olmayacaq, əksinə, Ankara ilə Moskvanın müttəfiq olmaları çox mümkündür. Onların qurduğu ittifaqa isə İran və Suriyanın qoşulmaq ehtimalı da böyükdür.

İş burasındadır ki, ABŞ-ın Suriyada “sərhədlərin təhlükəsizlik qüvvələri” yaratmaq niyyətini elan etməsi oradakı kürdlərin vəziyyətini “leqallaşdırıb”. Bu isə o deməkdir ki, YPG-nin timsalında kürd hərbi birləşmələri ABŞ-ın, yəni rəsmi Dəməşq, Rusiya və İranın düşmənlərinin tərəfinə keçib. Türkiyə də öz növbəsində ABŞ-ın “sərhədlərin təhlükəsizlik qüvvələri” yaratmaq cəhdini öz maraqlarına qarşı təhdid kimi qarşılayır. Yəni Ankaranın Afrinlə bağlı hərəkətlənməsi də əslində bu yanaşmadan irəli gəlir. O baxımdan, kürdlərin ABŞ-a meyillənmələri regionda, Yaxın Şərqdə və ümumiyyətlə, dünyada yeni siyasi situasiya yaradır”.