“Ukrayna gələcəkdə əlini gücləndirmək üçün Rusiyadan ərazi qoparmağa çalışır”.
Bunu Yenicag.az-a açıqlamasında Kurska bölgəsinə girən Ukraynaya Rusiyanın necə qarşılıq verəcəyi ilə bağlı fikirlərini səsləndirən politoloq Vəli Əlibəyov deyib.
Onun sözlərinə görə, həm Rusiya, həm də Ukrayna tərəfindən verilən məlumatlar ziddiyət təşkil etdiyi üçün nə baş verdiyini dəqiqliklə demək olmur.
“Müəmmalı məsələlər çoxdur. Ukrayna öz ərazisində məğlubiyyətə uğramasına baxmayaraq, Rusiya sərhədlərindən içəri girərək, irəliləməyə müvəffəq oldu. Digər tərəfdən isə Rusiya buna qarşı ya addım ata bilmir, ya da özü atmaq istəmir. Bu amillər nəzərə alındıqda vəziyyətin necə qarışıq olduğu üzə çıxır”, – deyə o əlavə edib.
Politoloq qeyd edib ki, yaxın gələcək üçün ABŞ-də prezident seçkiləri var. Donald Trampın qalibiyyəti isə artıq danılmazdır. Rusiyapərəsət mövqeyi ilə seçilən Tramp müharibəni qısa müddət ərzində bitirəcəyini vəd edib. Ukrayna isə münaqişənin heç də öz xeyrinə bitməyəcəyini anlayır. Belə olan təqdirdə, gələcəkdə əlini gücləndirmək üçün Rusiyadan ərazi qoparmağa çalışır. Nəticədə danışıqlar zamanı ərazi mübadiləsi əsas müzakirə mövzusu ola bilər.
Rusiyanın hazırda xüsusi addım atmaq üçün rezervləri yoxdur. Hətta ola bilər ki, Ukrayna daha da irəliləsin”, – deyə politoloq bildirib.
Nəsimi Ələsgərli