Kursk istiqamətində baş verənlər: Müharibənin taleyi dəyişir? – “Ehtimallardan biri odur ki…”

“Kursk istiqamətdə baş verənlər sanki Rusiyanın özünün arzuladığı əməliyyatdır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Ukrayna ordusunun Kursk istiqamətindən Rusiya ərazisinə daxil olması və bunun nəticələrini şərh edən hərbi ekspert Ramil Məmmədli deyib.
Ramil Məmmədli bildirib ki, Ukraynanın bu hücumu ümumi müharibənin gedişinə təsir edə bilməz.

“Rusiya-Ukrayna müharibəsi informasiya müharibəsi kimi daha sərt formada davam edir. Qərb mediası yazır ki, Ukrayna ordusu 15 km-ə qədər Rusiya daxilinə sıza bilib. 5-6 yaşayış məntəqəsini nəzarətdə saxlayırlar.

Rusiya prezidenti məsələ ilə bağlı tədbir keçirib. Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəsi Valeri Gerasimovun məruzəsi dünlənilib. Müəyyən tapşırıqlar verilib. Baxmayaraq ki, Rusiyanın ərazisinə Ukrayna ordusu daxil olub, ancaq çox səbrli davranır. Vəziyyəti gərginləşdirməyə yönəlik açıqlama vermir”, – deyə o qeyd edib.

Ekspert məsələyə bir neçə istiqamətdən baxmağın gərəkli olduğunu deyib.

“Baş verənlər sanki Rusiyanın özünün arzuladığı əməliyyatdır. Çünki güclü müdafiə xəttini 5-10 zirehli maşınla minə yaxın hərbçi ilə keçmək, yarmaq bu bir qədər real görünmür. Min nəfər elə bir saydır ki, bunu kəşfiyyat əməliyyat tədbiri də hesab etmək olmaz. Ehtimallardan biri odur ki, Rusiya hərbi siyasi baxımdan belə bir şəraiti Ukrayna ordusuna yaratmaqla Ukraynanın digər istiqamətlərində əməliyyatları genişləndirməyə hüquqi baza yaradır”, – deyə o əlavə edib.

R.Məmmədlinin sözlərinə görə, Ukraynanın bu hücum əməliyyatı lokal hərbi əməliyyatdır:
“Bunu geniş miqyaslı hücum əməliyyatı kimi təqdim edənlər yanılırlar. Bu istiqamətdən hücuma keçmək müharibənin taleyini dəyişə bilməz”.

Səxavət Məmməd

COP29