Kurskda şiddətli savaş ANONSU: Rusiya bu istiqamətdə qoşunlarını cəmləyir

“Rusiya çox aqressivləşib, öz ərazisi olsa belə, Kurska raketlər, ağır bombalar atır”.

Bu fikri Yenicag.az-a açıqlamasında Kursk istiqamətində davam edən döyüşlər, rusların əraziyə əlavə qüvvə cəmləməsi və müharibənin şiddətlənməsini dəyərləndirən hərbi ekspert Rövşən Məhərrəmov bildirib.

Rövşən Məhərrəmovun sözlərinə görə, müharibə ağır fazaya keçir.

“Rusların Zaporojye istiqamətindən ehtiyat qüvvələrin bir hissəsini Kursk istiqamətinə daşıması barədə informasiyalar var. Rusiya Luqansk, Donetsk istiqamətindən qoşun çıxarmayacağını bildirir. Rusiya əsas qüvvələrini işğal etdiyi istiqamətdən çıxarmır. Əksinə, Donetsk istiqamətində 30 hücum cəhdi qeydə alınıb. Ukrayna tərəfi iddia edir ki, hücumlar nəticəsiz qalıb, Rusiya tərəfi isə hücumların nəticə verdiyini açıqlayır”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, Kursk istiqamətində olan qüvvələr çağırışçılar idi.

“Yəni, onların heç bir döyüş hazırlığı yox idi. Hücum edən Ukrayna qüvvələri isə tam hazırlıqlı idilər. Rusiya Kursk istiqamətinə başqa dairələrdən qoşunlar cəmləyir. Artıq qatarla texnikalar daşınır. Ukrayna qoşunlarının mühasirəyə düşmə ehtimalı aşağıdır. Çünki onlar iki istiqamətdən hücum ediblər. Ukrayna tərəfinin Kurskda nə qədər qalacağını demək çətindir. Baxmayaraq ki, Rusiya öz ərazisidir raket zərbələri endirir, hətta FAB-3000 bombası belə atır. Rusiya çox aqressivləşib. Ukrayna da ehtiyat hissələrini sərhəd istiqamətinə yönəldib. Lazım gəldiyi anda o qüvvələri də cəlb edəcəklər. Yaxında şiddətli döyüşlərin gedəcəyi gözləniləndir”, – deyə o yekunlaşdırıb.

Səxavət Məmməd