«Kütləvi çıxarış» kampaniyası Nəsimidə

a06e35c2-07fe-4fb5-b550-a3ad49baf0b3Əmlak Məsələləri Dövlət Komitəsinin birbaşa ünvanlarda keçirdiyi “Kütləvi çıxarış” kampaniyasının əhatə dairəsi genişlənməkdədir. Bu ay 2-ci dəfə keçirilən kampaniyadan Bakının Nəsimi rayon sakinləri faydalana bilib. Belə ki, rayonda yerləşən yeni tikilmiş hündürmərtəbəli binanın sakinləri üçün keçirilən kampaniya zamanı 100-ə yaxın vətəndaşa daşınmaz əmlakın qeydiyyatı ilə bağlı çevik və rahat xidmətlər göstərilib. Mənzil sahibləri öz evləri üzərində mülkiyyət hüququnu təsdiqləyən çıxarışlar əldə ediblər. Hazır çıxarışlar birbaşa binanın həyətində komitənin mobil ofislərində (xüsusi avtonəqliyyat vasitələrində) sürətli qaydada təqdim olunub.

Kütləvi şəkildə mənzillərə çıxarışların verilməsi paytaxtda daşınmaz əmlakla bağlı alqı-satqı proseslərini daha genişləndirir. Mənzillərin iqtisadi əməliyyatlara aktiv cəlb olunmasına şərait yaradır, mənzil bazarında canlanmanı təmin edir. Məhz yaradılan rahat və əlverişli şərait kampaniyanın getdikcə daha çox vətəndaşın diqqətini cəlb etməsinə, bu kampaniyada iştirak üçün müraciətlərin çoxalmasına səbəb olur.

Xatırladaq ki, kampaniya zamanı çıxarışlar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna əsasən ilkin mülkiyyət sənədləri əsasında verilir. Belə sənədlərə mənzillərə dair orderlər, aktlar, mülkiyyət barədə qeydiyyat vəsiqələri və digər hüquqi sənədlər aiddir. Həmçinin yalnız istismara qəbul aktı olan və qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqı ödənilməklə təqdim olunur.

Kampaniyanın digər üstünlüyü vətəndaşlara hüquqi yardımların göstərilməsidir. Keçirildiyi şəhər və rayonlarda, kənd və qəsəbələrdə sakinlər arasında maarifləndirmə işləri aparılır. Bu zaman qeydiyyatın üstünlükləri barədə məlumat verilir, çıxarışı olan əmlakın hüquqi-iqtisadi faydası izah olunur. Eyni zamanda, vətəndaşlar qeydiyyat prosedurları, zəruri sənədlər və digər hüquqi məsələlər barədə suallar komitənin hüquqşünaslarına suallar verirlər. Hüquqşünaslar belə sualları cavablandırır və vətəndaşlara hüquqi istiqamət verirlər.

Qeyd edək ki, kampaniyadan faydalanmaq istəyən şəxslər 148 saylı çağrı mərkəzinə zəng vura bilər (148 daxili 1 sonra 5). Kampaniyanın və mobil ofis xidmətinin keçirildiyi aylıq qrafik komitənin rəsmi internet səhifəsində yerləşdirilir.

Kampaniya indiyədək respublikanın demək olar ki, əksər şəhər və rayonlarında təşkil edilib və ümumilikdə 7000-dən çox vətəndaşa qeydiyyat xidmətləri göstərilib. Qeyd edək ki, bu il ərzində kampaniya Yevlaxda, Samuxda, Xaçmazda, Abşeronda, Bakının Nəsimi, Sabunçu və Nizami rayonlarında keçirilib.