Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Küveytdəki girov gəminin AZƏRBAYCANLI BAŞ MÜHƏNDİSİ: “Onun vətənə qaytarılması üçün...” – XİN-dən AÇIQLAMA / ÖZƏL 

İki gün öncə Türkiyənin “TRT Haber” kanalı iflasa uğrayan şirkətə məxsus quru yük gəmisinin 18 nəfərlik heyətlə bilikdə Küveytdə qaldığı haqqında məlumat yayıb.

Yenicag.az xəbər verir ki, “TRT Haber”ə danışan gəminin kapitanı Yusif Səncər 17 aydır ki maaşlarını almadıqlarını və son iki aydır aclıq aksiyası keçirdiklərini bildirib. Bundan başqa, Səncər müsahibəsində heyətin tərkibində Azərbaycan vətəndaşının olduğunu da deyib.

Küveytdə saxlanılan həmin gəmidə Azərbaycan vətəndaşının da olduğunu nəzərə alaraq, Xarici İşlər Nazirliyi (XİN) ilə əlaqə saxlayıb soydaşımızın vəziyyəti ilə maraqlandıq. XİN-in sözçüsü Leyla Abdullayeva Yenicag.az-a açıqlamasında bildirib ki, Azərbaycanın Küveytdəki səfirliyi sözügedən gəminin baş mühəndisi, Azərbaycan vətəndaşı Namik Abbasovla müntəzəm əlaqədədir və onun ölkəyə qaytarılması istiqamətində işlər davam etdirilir.

Leyla Abdullayeva Küveytdəki səfirliyimizin bu məsələ ilə bağlı açıqlamasını bizə təqdim etdi.

Səfirliyin açıqlamasında deyilir:

Azərbaycan Respublikası vətəndaşı Abbasov Namik Kazım oğlu 26 iyul tarixində Səfirliyə müraciət edərək, Küveyt Dövlətinin Şuhaiba limanında dayanan Qətər Dövlətində “Aswan Shipping” şirkətinə aid və Palau bayrağı altında üzən “M/V ULA” gəmisinin Baş mühəndisi olduğunu və 18 fevral 2020-ci il tarixindən Küveytdə olduğunu bildirmişdir.

Gəmidəki tək Azərbaycan vətəndaşı olduğunu, onunla birlikdə gəmidə bir türk vətəndaşı (gəmi kapitanı), bir Banqladeş və 22 nəfərin isə Hindistan vətəndaşı olduğunu (hazırda gəmidə 19 nəfər qalıb. 6 nəfər Hindistan vətəndaşı könüllü olaraq maaşlarınından imtina edərək öz ölkələrinə göndərilmişdir), aylardır gəmidə qaldıqlarını, öz vətənlərinə dönmək üçün çalışsalar da, bu istiqamətdə əlaqədar təşkilatların hər cür köməklik göstərəcəyinə söz vermələrinə baxmayaraq, hələlik bir nəticə əldə olunmadığını qeyd etmişdir.

O, 27.10.2019 tarixində 2 aylıq müqavilə ilə gəmiyə gəlməyinə baxmayaraq, 9 aydır (COVID-19 pandemiyası ilə də əlaqədar olaraq) gəmidə olduğunu, təxminən 7 aylıq maaşının ödənilmədiyini bildirmişdir. Ən tez zamanda Azərbaycana qayıtmaq üçün Səfirlik tərəfindən köməklik istəmişdir. Səfirlik tərəfindən dərhal müvafiq tədbirlər görülərək, vətəndaşımızın 5 aya yaxın Küveytdə gəmidə saxlanılması ilə bağlı araşdırmalar aparılmışdır.

Məlum olmuşdur ki, Namik Abbasovun baş mühəndisi olduğu gəmi Küveytli iş adamına məxsus yükü Küveytə gətirmiş, lakin son anda yükdən imtina etmiş, həmin müddətdə gəminin Beynəlxalq dəniz sertifikatı bitmiş və bu səbəbdən gəmi yeni sertifikatın alınmasına qədər Küveytdə Şuhaiba portunda saxlanılmışdır. Yeni sertifikatın alınmasına külli miqdarda maliyyə vəsaiti tələb olunduğu üçün gəmi sahibi sertifikatı yeniləməyərək gəmini satışa çıxartmışdır. Gəmi satıldıqdan sonra gəmi heyətinin maaşlarının verilməsinə və öz ölkələrinə göndərilməsinə söz verilmişdir. Lakin bunlara baxmayaraq, bu günədək gəmi satılmamış və yükü boşaldılmamışdır.

Əldə etdiyimiz məlumata əsasən, “Aswan Shipping” şirkəti iflas olduğunu elan etmiş və Küveyt Dövlətinin Şuhaiba limanında dayanan və Palau bayrağı altında üzən “M/V ULA” gəmisinin sonradan bayrağı endirilmiş və 2020-ci ilin iyul ayından etibarən gəmi Küveyt Dövlətinin tabeçiliyinə keçmişdir. Göstərilənlərlə əlaqədar vətəndaşımızın gəmidən çıxarılaraq Azərbaycana göndərilməsi məqsədilə tərəfimizdən Küveyt Dövlətinin Xarici İşlər Nazirliyinə və Küveyt Limanları Şirkətinin baş direktoruna müvafiq qaydada müraciətlər edilmişdir.

Namik Kazım oğlu Abbasovun vətənə qaytarılması məqsədilə işlər davam etdirilmiş və məsələ ilə bağlı Küveyt Limanları Şirkətinin baş direktoru, idarə heyətinin sədri, Küveyt Xarici İşlər Nazirinin Konsulluq məsələləri üzrə köməkçisi, eyni zamanda bir sıra aidiyyəti qurumların rəhbərləri ilə mütəmadi olaraq görüşlər keçirilmişdir. Görüşlərdə vətəndaşımızın aylardır gəmidə təcrid vəziyyətində qaldığı və onun ən qısa vaxtda Azərbaycana göndərilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir.

2021-ci ilin yanvar tarixindən etibarən, gəminin bütün heyət üzvləri aclıq aksiyasına başlamışlar. Aclıq aksiyasına səbəb kimi 12 aydan artıq Küveytdə səbəbsiz saxlanıldıqları, aylardır əməkhaqqılarını ala bilmədikləri, ailələrinin ağır vəziyyətləri və özlərinin getdikcə səhhətlərində yaranan sağlamlıq problemləri göstərilmişdir. Məlumat həmçinin 20-dən yuxarı yerli və beynəlxalq qurumların ünvanlarına da göndərilmişdir.

Tərəfimizdən dərhal vətəndaşımızla əlaqə yaradılmış və məsələ barədə ətraflı məlumat alındıqdan sonra, Küveyt Dövləti Xarici İşlər Nazirliyinin konsulluq idarəsinə müvafiq Nota hazırlanaraq göndərilmişdir. Eyni zamanda yanvar ayında Küveyt Nəqliyyat Nazirliyi, Xarici İşlər Nazirliyi və Limanlar Şirkəti arasında gəminin məsələsinin həll edilməsi məqsədilə toplantı keçirilmiş və Birgə Bəyanat qəbul edilmişdir. 16 fevral tarixində tərəfimizdən vətəndaşımızla bağlı yeni Nota hazırlanaraq Küveyt Xarici İşlər Nazirinə göndərilmişdir.

Son olaraq bildirmək istəyirik ki, gəmidəki yükün boşaldılması üçün 2 dəfə iş adamları arasında tender keçirilməsinə baxmayaraq yük satılmamışdır. Lakin yaxın bir həftə müddətində yenidən tenderin keçirilməsi gözlənilir. Aldığımız məlumata əsasən yük satıldıqdan sonra gəminin heyətinin maaşlarının bir hissəsi veriləcək və heyət üzləri öz ölkələrinə yola salınacaqdır. Səfirlik olaraq vətəndaşımızın Azərbaycana göndərilməsi ilə bağlı Səfirlik tərəfindən maddi və mənəvi yardımın göstəriləcəyi haqqında Küveyt Xarici İşlər nazirliyinə məktub göndərilmişdir. Bildiririk ki, tərəfimizdən gəmiyə baş çəkmiş və vətəndaşımızla görüş keçirilmişdir. Vətəndaşımıza müvafiq yardımlar göstərilmişdir. Vətəndaşımızın vətənə qaytarılması məqsədilə işlər davam etdirilir”.

Aqil Bəkir

Loading...

www.yenicag.az

1084
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100