KXDR Dövlət Şurası sədri Bakıda ABŞ-ı tənqid etdi – Razılaşmaları pozmaqda günahlandırdı

“Koreya yarımadasındakı münaqişənin dinc yolla aradan qaldırılmasını, barıt qoxusunun olmamasını istəyərdik”.

Yenicag.az-ın məlumatına görə, bunu bu gün Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün debat müzakirələrində Şimali Koreya Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Çoe Ryonq Haen bildirib.

Koreya parlamentinin sədri deyib ki, 12 iyun tarixində ABŞ və Şimali Koreya arasında keçirilən görüşdən sonra danışıqlar dayanıb: “Təəssüf ki, iki ölkə arasında gərginlik artır. Bu, ABŞ-ın anarxist, köhnəlmiş siyasət aparması ilə bağlıdır. Şimali Koreya lideri Kim Çen İn bəyan edib ki, ABŞ yeni yanaşmadan çıxış etməlidir. ABŞ-a təklif etdik ki, yarımadada nüvə silahsızlaşdırılması davam etsin. Ancaq onun düşmən mövqedən əl çəkməməsini müşahidə edə bilmirik. Ötən il Şimali Koreyanın çoxsaylı təşəbbüsü cavabsız qalıb. Həm Şimalda, həm Cənubda, həm dünyada olan tərəfdaşlarımız bundan məyus oldu. Ölkəmizin əhalisinə qarşı yönəlmiş addımların səngiməsini görə bilmirik”.

Çoe Ryonq Haen qeyd edib ki, Koreya yarımadasında sülhün bərpa olunması məhz Cənubi Koreya rəhbərliyindən asılıdır: “Biz yarımadada müharibə istəmirik. Qoşulmama Hərəkatının da bu məqsədlərə xidmət etməsini istəyirik. Qoşulmama Hərəkatının üzvləri təcavüzü pisləməlidirlər. İmperialist dairələrin hücumları bizi suverenlik yolundan döndərə, təsir altına sala bilməyəcək. Biz yarımadada vəziyyətin daimi sabit olmasını arzulayırıq”.

O nəzərə çatdırıb ki, bu gün dünyada birtərəfli hərəkətlər beynəlxalq sistemi sual altında qoyur: “Suverenlik, ölkələrin daxili işlərinə qarışmamaq, ərazi bütövlüyü prinsipi alt-üst olub. Nə üçün böyük dövlətlər bu prinsiplərə hörmətlə yanaşmır? Axı bu prinsiplər BMT-nin Nizamnaməsində də əks olunub. Nə üçün BMT Nizamnaməsi üzv dövlətlər üçün vacib sayılmalıdır? Əks halda kiçik dövlətlərin taleyi zərbə altına düşür. Şimali Koreya lideri ədalət naminə mübarizəni davam etdirəcək. Biz hegemonluğa can atan imperiyaların hərəkətlərin qarşısını qətiyyətlə alacağıq. Bütün üzv dövlətlər real fəaliyyət göstərməlidir ki, dünyada avtoritarizmin, birtərəfli hərəkətlərin qarşısı salınsın. Biz real beynəlxalq sistem qurulmasını istəyirik. Şimali Koreya lideri rəhbəri inanır ki, Qoşulmama Hərəkatı ölkələri həmrəy olacaq və bir-birlərinə kömək göstərəcək. Bu prinsiplərə hörmətlə yanaşan ölkələr bundan sonra da qarşılıqlı əməkdaşlığı dərinləşdirməli, imperializm əvə hegemonluğa xan atan dövlətlərə qarşı olmalıdırlar. Qoşulmamam Hərəkatının gücləndirilməsi çox vacibdir”.

Şimali Koreya parlamentinin sədri üzv dövlətlər aramında mədəni əməkdaşlığın gücləndirilməsini də dəstəklədiklərini vurğulayıb: “Ümid edirik ki, qeyd etdiyimiz məqamlar Zirvə Görüşünün yekun bəyannaməsində əksini tapıb. Düşmənçilik mövqeyində dayanan dairələr bizim dövlətimizin suverenliyinə qarşı cəhdlər göstərir. Bu, bizi, milli sosializmi daha da gücləndirir. Biz sosializmin bünövrəsini daha da güclü edəcəyik ki, iqtisadiyyatımız daha da inkişaf etsin. Ölkəmizdə elm inkişaf edir. Biz təcrübəmizi də bölüşməyi hazırıq. Şamili Koreya hər zaman güclü və inkişaf edən dövlət olacaq. Şimali Koreya Qoşulmama Hərəkatında üzərinə götürdüyü öhdəlikləri icra edəcək. Biz yarımadada ədalətli danışıqlara nail olacağımıza inanırıq”./APA/