Laçın aksiyası və böyük güclərin QARŞIDURMASI: “Volkov rəsmi olmasa da…” – ŞƏRH

“Poblemləri hər iki tərəfdən ictimaiyyət nümayəndələrinin iştirakı ilə “həll etmək” istəyi daxili auditoriyaya hesablanmış siyasətdir”.

Bunu Qarabağda keçirilən aksiyanı fərqli baxış bucağından şərh edən politoloq Elşən Manafov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, 2020-ci ildə sülhməramlıların bölgədə fəaliyyətə başlamasında əsas məqsəd Rusiyanın Qərbə güzəştə getmək fikrində olmaması mesajı idi:

“Azərbaycan öz ərazisində təbii resursların qanunsuz istismari ilə bağlı məsələyə aydınlıq gətirilməsi yönündə addım atdı. Məsələ ilə bağlı monitorinqin keçirilməsi qanunidir.

2020-ci ildə başlayan müharibənin pərdəarxasında müəyyən qlobal klanların olduğunu demişdik. Avantürist siyasətçi olan Paşinyanın “Qarabağ Ermənistanındır” kimi ilk baxışdan sərsəm, gerçəkdə isə imperialist dairələrin marağına xidmət edən bəyənatı Ukrayna cəbhəsində qarşı-qarşıya duranların toqquşmasına hesablanıb. Paşinyanın bu bəyanatından sonra danışıqlar dalana dirəndi. Ardınca erməni təxribatları Azərbaycanı hüquqlarını qoruması üçün hərbə müraciət etməyə sövq etdi. Əsas niyyət Türkiyə və Rusiyanı münaqişəyə çəkməkdir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putini bir-birinə qarşı qoymağa çalışan qüvvələr onların zəifləməsini istəyir.

Qərbin fəal oyuna başlamasının əsas səbəbi Rusiyanı regiondan uzaqlaşdırmaqdır. Rusiya regional maraqlarla çıxış edərək Qərbin bəlli gedişinə cavab olaraq alternativ addım atır.

Sorosçu Paşinyanı kənarlaşdırmaq üçün Qarabağa yerli erməni klanının nümayəndəsini yox, milyardlarını Rusiyada qazanan Vardanyanı gətirib.

Volkov rəsmi olmasa da, gerçəkdən Qarabağda Rusiyanın fövqəl qubernatoruna tabe adam təsiri bağışlayır. Poblemləri hər iki tərəfdən ictimaiyyət nümayəndələrinin iştirakı ilə “həll etmək” istəyi isə daxili auditoriyaya hesablanmış siyasətdir”.

Nəsimi Ələsgərli