“Laçın dəhlizi üzərindən sərhədimizin tam nəzarətə götürülməsi üçün…” – Politoloqdan ÇAĞIRIŞ

“Azərbaycana qarşı hər hansı tərxibat baş verərsə, buna Rusiya sərhədçiləri cavabdeh olacaqlar”.

Yenicag.az xəbər verir ki, bunu işğaldan azad olunmuş ərazilərimizdə təhlükəsizliklə bağlı vəziyyəti dəyərəndirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycanın Ermənistanla sərhədi gücləndirməsi və Laçın dəhlizi üzərindən sərhədimizin nəzarətə götürülməsi vacibdir:

“Ermənistanın müdafiə naziri Vaqarşak Arutunyan Rusiyanın “RİA Novosti” agentliyinə verdiyi son müsahibədə Rusiya sərhədçilərinin Türkiyə və İrandan sonra Azərbaycanla sərhəddə də yerləşməyə başladığını deyib.

Bu məqsədlə Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının bir hissəsinin Ermənistanın şərqinə dislokasiyasına başlanacaq. Deməli, bu məqsədlə Azərbaycanla sərhəddə yaxın ərazidə kazarmalar tikiləcək. Bu açıqlama bir daha göstərir ki, Ermənistanın müstəqilliyindən əsər-əlamət qalmayıb, sərhədlərini qoruya bilməyən və ya qorumaq üçün gücü çatmayan ölkə tamamilə Rusiyanın vassalına çevrilib.

Rusiya Ermənistanın Azərbaycanla sərhəddini qorumağa razılaşıb. Əgər belədirsə, o tərəfdən bizə qarşı hər hansı tərxibat baş verərsə, buna Rusiya sərhədçiləri cavabdeh olacaqlar. Biz də öz tərəfimizdən sərhəddimizi gücləndirməliyik, Laçın dəhlizi üzərindən sərhədimizin nəzarətə götürülməsi bunun tərkib hissəsi olmalıdır.

Bunu etməsək, Rusiya qüvvələri həm o tərəfdən, həm də bu tərəfdən sərhəddi nəzarətdə saxlayacaqlar. Bu isə Azərbaycanın təhlükəsizlik maraqlarına cavab vermir. O tərəfdən özləri bilər, bu tərəfin nəzarətini Azərbaycan sərhədçiləri həyata keçirməlidirlər. Bunun başqa alternativi yoxdur”.

Gülşən Şərif