Laçında iki nəfərin cüyür ovlaması ilə bağlı – DİN-dən açıqlama

Laçın rayonunda iki şəxsin cüyür kəsməsi ilə bağlı iddialarla bağlı DİN açıqlama verib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, bəzi sosial şəbəkə hesablarında və saytlarda qırmızı kitaba düşən cüyürün ovlanması ilə bağlı videosüjet paylaşılıb:

“Videosüjetdə əks olunanlarla bağlı Laçın Rayon Polis Şöbəsi tərəfindən müvafiq araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Sosial şəbəkələrdə Laçın rayonunda iki şəxsin cüyür kəsməsi ilə bağlı iddialar yer alıb.

Bildirilib ki, Vüqar və Aqil adlı şəxs cüyür ətindən kabab hazırlayıblar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirib.

Xidmətin rəisi Hikmət Əlizadə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən görüntü ilə bağlı təqsirkarların tapılması və barələrində tədbir görülməsi üçün xidmət tərəfindən aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət hazırlanır.

Qeyd edək ki, cüyür Azərbaycanın “Qırmızı kitab”ına düşdüyü üçün ovlanmasına icazə verilmir.