Latviyada Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib – FOTO

İyulun 17-də Latviya Respublikasının Prezidenti Raymonds Veyonisin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib.

Əvvəlcə Azərbaycanın və Latviyanın dövlət himnləri səsləndirildi.

Sonra dövlət başçıları rəsmi ziyafətdə çıxış etdilər.

Latviya Prezidenti Raymonds Veyonisin çıxışı:

– Zati-aliləri cənab Prezident.

Hörmətli nazirlər, xanımlar və cənablar.

Bu axşam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi salamlamaqdan şərəf duyuram.

Hörmətli cənab Prezident, Sizin Latviyaya səfəriniz qarşılıqlı anlaşmanın dərinləşdirilməsi və ölkələrimiz arasındakı yüksək səviyyəli dialoqun davam etdirilməsi istiqamətində birgə səylərimizin təzahürüdür.

Fürsətdən istifadə edərək, 2017-ci ilin mart ayında Bakıda Latviya nümayəndə heyətinə göstərilmiş qonaqpərvərliyə görə dərin minnətdarlığımı ifadə etmək istərdim. Bu illər ərzində mən bir neçə dəfə Azərbaycanda səfərdə olmuşam və Sizin qonaqpərvərliyiniz bizi heyran etməkdə davam edir. Həmin illər ərzində mən Azərbaycanın dinamik inkişafının şahidi olmuşam.

Latviya ilə Azərbaycan arasındakı əməkdaşlıq bənzər talelər və hər iki xalqın sınaqdan keçdiyi çətin dönəmlər kimi tarixi bağlara əsaslanır. 1918-ci il Azərbaycanın və Latviyanın müstəqilliyə qovuşduğu il olmuşdur. Gələn il biz hər iki ölkənin müstəqilliyinin 100 illiyini qeyd edəcəyik. O zaman Azərbaycan cəmi iki il müstəqil yaşamışdır, lakin ölkəniz İslam dünyasının ilk parlamentli respublikası olmuşdur.

Azərbaycan Latviya üçün mühüm tərəfdaşdır. Latviya Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Bu səfər çərçivəsində Latviya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın yaradılması haqqında Bəyannamənin imzalanmasını məmnunluqla qeyd edirik.

Əminəm ki, bizim müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsində birgə marağımız var. Dövlət başçıları, parlament, hökumət, bələdiyyə və digər dövlət qurumları arasında sıx əməkdaşlıq qurulmuşdur. Parlamentlər arasında fəal əməkdaşlığı qeyd etmək, yerli hakimiyyət orqanları arasında artmaqda olan təmasları xüsusi vurğulamaq istərdim. Latviyanın və Azərbaycanın yerli hakimiyyət orqanları arasında 13 əməkdaşlıq sazişi imzalanmışdır.

Ümidvaram ki, Sizin səfəriniz çərçivəsində təşkil olunmuş biznes forum və Hökumətlərarası Komissiyanın iyun ayında keçirilmiş iclası iqtisadi əməkdaşlığın və qarşılıqlı ticarətin artmasına səbəb olacaq yeni layihələrin yaranmasına xidmət edəcəkdir. Coğrafi məsafəyə baxmayaraq, Latviyanın və Azərbaycanın paytaxtlarını mövsümi uçuşlar birləşdirir və həmin uçuşların müntəzəm olması üçün potensialımız var. Latviya Azərbaycan ilə nəqliyyat sahəsində, xüsusilə də beynəlxalq “Şimal-Cənub nəqliyyat dəhlizi” layihəsi çərçivəsində əməkdaşlığı gücləndirmək niyyətindədir.

Fəal siyasi və iqtisadi münasibətləri, ölkələrimiz və xalqlarımız arasındakı dostluq və rəğbəti məmnunluqla qeyd edirik. Ölkəmizdə müxtəlif mədəni və ictimai tədbirlər təşkil edən və Latviya Respublikasına sadiq olan azərbaycanlı icmanın fəaliyyətini xüsusi qeyd etmək istərdim.

Ali təhsil sahəsində əməkdaşlığımız və hər il Azərbaycandan olan 150 tələbənin Latviyanın ali təhsil ocaqlarında təhsil alması sevindirici haldır. Əminik ki, səfər çərçivəsində imzalanmış əməkdaşlıq sazişi bu sahədə yeni əməkdaşlıq imkanlarını yaradacaqdır.

Hörmətli cənab Prezident, Latviyanın Avropa İttifaqına və NATO-ya üzv olması ölkələrimiz arasında əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır. Bu təşkilatlara üzv olmaq üçün Latviya müasir, demokratik və firavan dövlət yaratmaq məqsədilə əsaslı islahatlar həyata keçirmişdir. Bu sahədə təcrübəmizi Azərbaycanla bölüşməyə hazırıq.

Latviya hər zaman Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsini dəstəkləmişdir. Biz iqtisadiyyat, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsində imkanlar açacaq yeni Avropa İttifaqı-Azərbaycan tərəfdaşlıq sazişi ilə bağlı danışıqları alqışlayırıq.

Azərbaycanın enerji sahəsində Avropa İttifaqının mühüm tərəfdaşı olması faktını xüsusi vurğulamaq istərdim. Latviya Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsindəki rolunu və Avropa İttifaqının enerji təchizatının şaxələndirilməsi sahəsinə yatırdığı sərmayələri yüksək qiymətləndirir.

Hörmətli qonaqlar, gündəliyimizin fəal və işgüzar xarakteri əməkdaşlıqla bağlı hər iki tərəfin səmimi marağını təsdiq edir. Əminəm ki, bu səfər Latviya və Azərbaycan arasında münasibətləri fəallaşdıracaq və onlara güclü təkan verəcəkdir.

Xalqlarımızı sülh və harmoniyada yaşamaq, dostluq və əməkdaşlıq etmək arzusu birləşdirir. Ölkələrimiz arasındakı dostluğun və ikitərəfli əməkdaşlığın uğurlu inkişafı bu arzuya xidmət edir.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı:

-Hörmətli cənab Prezident.

Xanımlar və cənablar.

İlk növbədə, cənab Prezident, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirirəm.

Zəngin tarixi və mədəniyyəti ilə seçilən dost ölkənizə yenidən səfər etməyimdən çox məmnunam. Sizinlə cari ilin mart ayında V Qlobal Bakı Forumu çərçivəsində keçirdiyimiz görüşü və apardığımız fikir mübadiləsini xoş təəssüratlarla xatırlayıram.

Ölkələrimizin tarixində oxşar məqamlar çoxdur. 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin və Latviyanın nümayəndə heyətləri yeni yaradılmış dövlətlərin de-yure tanınmaları ilə bağlı Paris Sülh Konfransına müraciət ünvanladılar. Bir il sonra isə Azərbaycan parlamenti Latviyada nümayəndəliyin açılması ilə bağlı qərar qəbul etdi.

Müstəqilliyin bərpasına eyni vaxtda nail olmuş dövlətlərimiz qarşıdan gələn ildə dövlət quruculuğunun 100 illiyini qeyd edəcəklər. Dövlət müstəqilliyimizi bərpa etdikdən sonra ikitərəfli münasibətlərimizin tarixində yeni səhifə açıldı. Ölkələrimiz bu illərdə böyük uğurlar qazanıb, xalqlarımız isə sabitlik və təhlükəsizlik şəraitində rahat yaşayırlar.

Bu gün ölkələrimiz arasında energetika, nəqliyyat, kənd təsərrüfatı, təhsil və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanlar var. Əminəm ki, Sizinlə apardığımız danışıqlar, iştirak etdiyimiz biznes forum, əldə olunan razılaşmalar və imzalanan sənədlər, xüsusilə də Azərbaycan Respublikası və Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə əlaqələrimizin inkişafına mühüm təkan verəcəkdir.

Humanitar əlaqələrimizin də zəngin tarixi vardır. İyirminci əsrin əvvəllərində Bakıda Latış Cəmiyyəti fəaliyyət göstərirdi. Bu cəmiyyət 2013-cü ildən fəaliyyətini bərpa etmişdir. Məşhur latış yazıçılar Ernest Birznieks-Upitis, Yanis Vainovskis, Auqusts Bertse, rəssam və yazıçı Yanis Yaunsudrabinş, Bakı Opera Teatrının dirijoru, bəstəkar Yazeps Medinş, memar Ervins Paumbats və başqaları Azərbaycanda yaşayıb yaratmışlar.

Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi, iqtisadi, humanitar, enerji sahələrində və digər sahələrdə yaxşı tərəfdaşlıq əlaqələri mövcuddur. Bu ilin əvvəlində Brüsselə etdiyim səfərdən sonra biz yeni tərəfdaşlıq sazişi üzərində işləməyə start verdik.

Azərbaycan iqtisadi, ticari və nəqliyyat sahələrində əlaqələrin genişlənməsi üçün böyük imkanlar yaradan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Eyni zamanda, Azərbaycan bir sıra irimiqyaslı beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısıdır. Dünyanın ən böyük enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi həm Avropanın enerji təhlükəsizliyində, həm də ikitərəfli və çoxtərəfli formatda Avropa dövlətləri ilə əməkdaşlıqda mühüm rol oynayır.

Azərbaycan regionda təhlükəsizliyə, sabitliyə, inkişafa və əməkdaşlığa mühüm töhfə verir. Lakin regionun ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qalır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi – tarixi torpağımız olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayon işğal olunmuş, bu ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirilmiş, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Beynəlxalq təşkilatlar münaqişə ilə bağlı öz mövqelərini bildirmişlər. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Eyni zamanda, ATƏT, Avropa Parlamenti, AŞPA, NATO, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüquq normalarına uyğun həll olunmalıdır. Bu gün imzaladığımız Birgə Bəyannamədə də göstərilir ki, bu münaqişə beynəlxalq norma və prinsiplər əsasında, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında həll olunmalıdır. Bu ədalətli mövqeyə görə Sizə minnətdaram.

Hörmətli cənab Prezident, Latviyada olmağımdan bir daha məmnunluğumu bildirirəm. Əminəm ki, Azərbaycan ilə Latviya arasında dostluq və əməkdaşlıq uğurla inkişaf edəcək.

Yenicag.az

COP29