Dağlıq Qarabağ münaqişəsinin tərəfləri danışıqlarda irəliləyişin əldə edilməsi üçün bir-birlərinə qarşı inamsızlıqdan imtina etməli, 2011-ci ildə keçirilmiş Kazan sammitinin razılaşmalarından istifadə etməlidirlər.
Yenicag.az “Report”-a isdinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan mətbuatına müsahibəsində deyib.
Müsahibənin mətni Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.
“Ən vacibi inamsızlıqdan çəkilmək, – hansı ki, əvvəlki kimi bəzən danışıqların gedişatında görünür – və həqiqi, praqmatik ideyalarda cəmləşməkdir”, – deyə Lavrov bildirib.
Onun sözlərinə görə bu ideyaları “kağıza qoymaq” (rəsmiləşdirmək-red) lazımdır.
Rusiyanın XİN rəhbəri qeyd edib ki, 2011-ci ildə Kazan sammitinə hazırlıq o cümlədən ATƏT-in Minsk qrupu həmsədrləri arasında da intensiv aparılıb.
“Lakin sammitin gedişatında əlavə məsələlər və şərhlər ortaya çıxdı. Belə hallar olur. Biz bunu xüsusi faciəyə çevirmirik. İş davam etməlidir”, – deyə Lavrov vurğulayıb.
O, qeyd edib ki, Kazan sammitinin bir çox müddəaları hələ də aktuallığını itirməyib.