Lavrovdan ABŞ və Fransaya üstüörtülü mesaj: “Qarabağ anlaşmasının həyata keçirilməsini əngəlləməyə çalışanlar var”

Qarabağda sülhməramlı əməliyyatın mahiyyətinin dəyişdirilməsinə dair cəhdlər müşahidə olunur.

Yenicag.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Prezident Vladimir Putinin rəhbərliyi ilə keçirilən Dağlıq Qarabağdakı Rusiya humanitar missiyası ilə bağlı müşavirədə bildirib.

O qeyd edib ki, Rusiya Dağlıq Qarabağla bağlı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin razılığı haqqında bütün məlumatı ABŞ və Fransaya təqdim edib.

“Biz bu günlərdə Moskvada səfərdə olan ATƏT-in Minsk Qrupu həmsədrləri ilə sıx təmasdayıq. Mən onlarla (Minsk Qrupunun həmsədrləri) görüşdüm, həmkarlarımız da onlarla görüşdü, tam məlumat verildi. Bu məlumat bir daha təsdiqlədi ki, 9 noyabrda imzalanan saziş tamamilə ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən təsdiqlənmiş və dünyada geniş dəstək almış prinsiplərə uyğundur ”, – Lavrov deyib.

O qeyd edib ki, 9 noyabrda Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanan müqavilənin icrasını ləngitməyə çalışmaq, bu müqavilənin tam həyata keçirilməsinə imkan verməmək meyli var, bunu hiss edirik:

“Ancaq hər kəs razılaşmanın uğurla həyata keçirildiyini qəbul etməlidir. Rusiya sülhməramlı əməliyyatının mahiyyətini dəyişdirmək səylərini müşahidə edir, gizli olsa da, bu cür səylər var”.