Lavrovun bəyanatı AJİOTAJ YARATDI: Silah satışı ilə bağlı QALMAQAL BÖYÜYÜR

“Belə bəyanatlarla münasibətlərdə soyuqluq yaratmaqdansa, hər iki ölkənin maraqlarının uzlaşdırılması istiqamətində addımların atılması daha zəruridir”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

O, Rusiya XİN rəhbəri Sergey Lavrovun türk mediasına açıqlamasında səsləndirdiyi fikirləri şərh edib.

Xatırladaq ki, rusiyalı XİN rəhbəri ajiotaj yaradan müsahibəsində bildirib ki, Türkiyə silahları rus əsgərlərini öldürür və Ankara-Kiyev əməkdaşlığı Türkiyənin vasitəçiliyi məsələsində çaşqınlıq yaratmaya bilməz.

Məsələyə münasibət bildirən E.Mirzəbəylinin sözlərinə görə, Rusiya kimi Türkiyə də dünyanın müxtəlif ölkələrinə silah satmaq hüququna malikdir:

“Əgər iki ölkə bununla bağlı hansısa öhdəlik götürməyibsə, prinsip etibarilə Türkiyənin Ukrayna, yaxud digər ölkələrə silah satışı Moskva tərəfindən aqressiv qarşılanmamalıdır. İndiki şəraitdə Türkiyənin Rusiya-Ukrayna münasibətlərinin tənzimlənməsi ilə bağlı verdiyi töhfəyə baxmaq lazımdır. Türkiyə müharibənin başladığı ilk gündən iki qardaş xalq arasında uzunmüddətli qarşıdurmanın baş verməməsi üçün əlindən gələni əsirgəməyib. Ümumilikdə, bu məsələlərə kompleks yanaşma vacibdir. Rusiyanın olduğu kimi, Türkiyənin də milli maraqları mövcuddur. İndiki şəraitdə Ukraynada baş verən müharibə Rusiya ətrafında NATO-nun çəmbərinin yaradılması ilə izah olunur və biz bu istiqamətdə addımların atıldığınln şahidi oluruq.

Eyni zamanda, Suriyada Türkiyəyə qarşı xüsusilə terror təşkilatlarının silahlandırılmasının da şahidi olmuşuq və olmaqdayıq. Qənaətimə görə, Rusiyanın Suriyada və digər ölkələrdə fəaliyyətinə də diqqət yetirmək lazımdır.

Belə bəyanatlarla münasibətlərdə soyuqluq yaratmaqdansa, daha çox hər iki ölkənin maraqlarının uzlaşdırılması istiqamətdə addımlar atılması daha zəruridir.

Vasitəçilik məsələsinə gəldikdə bu, şübhəsiz, Moskvanın hüququdur. Hazırda qarşısurma Rusiya ilə Ukrayna arasında baş verir. Ona görə də hansısa ölkə prosesdə vasitəçi kimi yer alacaqsa, tərəflərin hər ikisinin razılığı olmalıdır. Ona görə də Lavrovun bu barədə səsləndirdiyi fikirlərin qərəzli olduğunu düşünmək doğru olmazdı. Məsələyə hüquq müstəvisindən yanaşdıqda burada hansısa problem görmürəm”.

Nəsimi Ələsgərli

COP29