“Lavrovun bu bəyanatı Moskvanın İrəvandan imtina etməsi anlamına gəlmir” – Elxan Şahinoğlu

“Kreml Nikol Paşinyanı qəbul etməsə də, Ermənistandan vaz keçmək fikrində deyil”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Rusiya prezidentin Vladimir Putinin İrəvana, Azərbaycan prezidenti İlham Əliyevin isə Soçiyə səfərini şərh edən politloq Elxan Şahinoğlu deyib.

Elxan Şahinoğlunun sözlərinə görə, Putinin İrəvana son səfəri zamanı müşahidə olunan davranışları Ermənistan hakimiyyətinin passivinə yazılmalıdır:

“Ermənistanın baş naziri Nikol Paşinyan fəxrlə deyir ki,Putinlə üç saat danışıqlar aparıb. Düşünürəm ki, bu danışıqlarda Qarabağ məsələsinə toxunulmayıb. Çünki Putinə Qarabağ mövzusu maraqlı deyil. Rusiya prezidenti İravanda az müddət qalsa da, çox maraqlı gedişlər etdi. Hətta eks-prezident Robert Köçəryanın həyat yoldaşı ilə də görüşdü. O, bununla Paşinyana münasibətini, onu qəbul etmədiyini göstərmiş oldu.

Prezident İlham Əliyev isə Soçidə keçirilən “Valday” klubunda iştirak edəcək və Putinlə görüş keçirəcək. Düşünürəm ki, Paşinyanla görüşdən fərqli olaraq, Putinin İlham Əliyevlə görüşündə ikitərəfli məsələlərlə yanaşı, Qarabağ münaqişəsi müzakirə olunacaq.

Dünən maraqlı bir hadisə də baş verdi. Moskva ilk dəfə rəsmi səviyyədə “Qarabağ Ermənistandır” fikri ilə razılaşmadığını bəyan etdi. Doğrudur, buna qədər Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova ünvan göstərmədən danışıqlar formatının dəyişdirilməsinin əleyhinə olduğunu bildirmişdi.

Ancaq onun şefi – xarici işlər naziri Sergey Lavrov “Valday” klubunun Yaxın Şərqə həsr olunan bugünkü sessiyasında ünvanı gizlətməyib: “Qarabağ Ermənistandır” ifadəsi “Kosovo Albaniyadır” ifadəsinə bənzəyir və bu danışıqlar prosesində müsbət atmosferin yaradılmasına kömək etmir”.

Məlumdur ki, Kreml Kosovonun müstəqilliyini qəbul etmir və bu bölgəni Serbiyanın ərazisi sayır. Ona görə də Qarabağın Kosovoya bənzədilməsi İrəvanın xeyrinə deyil. Əgər Kosovo məntiqindən yanaşsaq, Kreml nə Qarabağın Ermənistana birləşdirilməsinin, nə də müstəqilliyinin tərəfdarı olmalıdır.

Ancaq Kremlin bu siyasətinin davamlı olacağını söyləmək çətindir. Kreml Nikol Paşinyanı qəbul etməsə də, Ermənistandan vaz keçmək fikrində deyil”.

Politoloq qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Əməkdaşlıq Şurasının son toplantısının İrəvanda keçirilməsinin yaratdığı eyforiyadan hələ də çıxa bilmir:

“Guya toplantı məhz onun nüfuzuna görə İrəvanda təşkil olunub. Halbuki, təşkilatın toplantısı sadəcə, növbəlilik prinsipinə uyğun olaraq, İrəvanda keçirilib və bunun Paşinyanla əlaqəsi yoxdur.

Buna baxmayaraq, toplantıdan dərhal sonda parlamentdə çıxış edən Paşinyan Avrasiya İqtisadi Əməkdaşlıq Şurasının “uğurlu nəticələrindən” və rusiyalı həmkarı Vladimir Putinlə görüşdən ağız dolusu danışıb.

Ancaq deputatlardan birinin “Rusiya Ermənistana satdığı qazın qiymətini bahalaşdırmayacaq ki” kimi sadə sualına cavab verə bilməyib. Putinin İrəvanda həbs olunan eks-prezident Robert Köçəryanın həyat yoldaşı ilə görüşü, üstəgəl Sergey Lavrovun Qarabağı Kosovoya bənzətməsi Paşinyan üçün yaxşı xəbər deyil.

Lakin bizim də bu gedişatdan çıxış edərək, “Rusiya Ermənistandan üz döndərir” kimi eyforiyaya qapılmamız doğru olmaz. Bu gün Ermənistanda rəhbər Paşinyandırsa, sabah Kremlin görmək istədiyi başqa “yan” ola bilər”.

Səxavət Məmməd