“Lavrovun bəyanatına ciddi yanaşmaq lazımdır. Rusiya istənilən zaman təxribat törədib Ermənistanı cəzalandırmaq imkanına malikdir”.
Bunu Rusiya XİN rəhbəri Sergey Lavrovun Azərbaycana səfəri çərçivəsində Ermənistana yönləndirdiyi “Avropa İttifaqı missiyasını bölgəyə gətirməklə yanlışlığa yol verirsiniz” mesajını şərh edən politoloq Rəfail Becanov Yenicag.az-a açıqlamasında deyib.
O, bildirib ki, Paşinyanın fəaliyyəti hazırda Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq görüntüsü yaradır:
“Bunun səbəblərindən birinin Fransanın təsirinin və Makron-Paşinyan münasibətlərinin olduğunu hesab edirəm. Fransa Cənubi Qafqazda aparıcı aktorlardan biri olmaq istəyir. Ermənistanın isə Rusiyadan incikliyi var. Kollektiv Təhlükəsizlik Müqaviləsi (KTMT) Təşkilatını Azərbaycanla münaqişəyə təhrik edə bilməməsi Ermənistanla Rusiya arasında gərginlik yaratdı. Paşinyan dəfələrlə KTMT-ni Azərbaycanla münaqişəyə cəlb etməyə çalışsa da, üzv dövlətlərin sərt mövqeyi ilə qarşılaşdı.
KTMT-də Rusiya nə qədər söz sahibi olsa da, digər dövlətlərin birmənalı şəkildə əleyhinə gedə bilmir. Üzv dövlətlər isə Azərbaycanın bu və ya digər formada müttəfiqləridir. KTMT daxilində fikir ayrılığı istəsə belə, Rusiyanın Ermənistanın birbaşa hamisi kimi çıxış etməsinə imkan vermir. Ermənistan da Fransanın təhriki ilə Rusiyanı şantaj edir. Yəni “bizə kömək edə bilmirsinizsə, biz də sizinlə olmuruq” mesajı verir.
Rusiya hazırda bir il bundan əvvəlki gücdə deyil. Ukrayna müharibəsində acınacaqlı vəziyyətə düşməsi onun mövqelərini xeyli zəiflədib. Bundan istifadə edən Fransa Avropa İttifaqı (Aİ) adı altında Cənubi Qafqazda söz sahibi olmaq istəyir. Cənubi Qafqazda möhkəmlənmək Fransanın ideyasıdır. Ermənistana dəstək vermək üçün bölgəyə soxulmaq istəyir. Bununla həm də Türkiyənin bölgədən uzaqlaşdırılmasına, Türkiyə-Ermənistan əlaqələrinin inkişafına mane olmağa çalışır.
Avropa İttifaqının Cənubi Qafqazda iştirakı üçün ən əlverişli yol Azərbaycanla daha isti münasibətlərin qurulmasıdır. Çünki Azərbaycan Aİ-nin etibarlı tərəfdaşıdır. Bunu Aİ-nin məsul şəxsləri dəfələrlə etiraf edib. Ermənistan Rusiyaya dönük çıxdığı kimi lazım gələndə Aİ-yə qarşı da dönüklük edəcək.
Baş verənlər Rusiyanı qane etmir. Hazırkı proseslərdən istifadə edib Ermənistana qarşı istənilən addımı ata bilər. Rusiya-Ermənistan münaqişəsinə müharibə prizmasından baxmıram. Ermənistan Ukrayna deyil. Ermənistanda Rusiyanın hərbi bazası var. Rusiya özü istənilən zaman orada təxribat törədib Ermənistanı cəzalandırmaq imkanına malikdir.
Lavrovun bəyanatına ciddi yanaşmaq lazımdır. Ermənistanda hər an gözlənilməz hadisələr baş verə bilər. Bizim üçün isə Ermənistanın kimin yanında olması deyil, bizimlə münasibəti maraqlıdır. Rusiya da, Avropa İttifaqı da sülh üçün deyil, öz maraqları üçün çalışır.
Ermənistan regionda sülh üçün Rusiyanın, Aİ-nin missiyasına güvənməkdənsə, Azərbaycanla birbaşa danışıqlarda iştirak etməklə, regionda sülh və əmin-amanlığa töhfə verə bilər. Bununla həm də Ermənistan özünü Rusiyanın təzyiqindən və təhdidindən qorumaq imkanı qazanar. Amma hələ ki Ermənistan və Paşinyan buna hazır görünmür. Sülhlə bağlı ancaq bəyanatlar var, konkret əməli addımlar yoxdur”.
Nəsimi Ələsgərli