“Fikrimcə, Lavrovun müsahibəsi olduqca vacibdir. Bu, onu göstərir ki, Ukraynanın Rusiya ərazisinə endirdiyi hipersəs sürətli raket zərbələri Rusiyanı çətin vəziyyətə salıb və onu “Oreçnik” raketlərindən istifadə etməyə məcbur edib. Bu raketlər səs sürətindən 10 dəfə daha sürətli uçur və guya qarşısıalınmazdır. Artıq onlar Dneprə qarşı istifadə olunub və indi Kiyevə tərəf atıla bilər”.
Bu sözləri Yenicag.az-a açıqlamasında britaniyalı politoloq Neil Uotson deyib.
Analitik Rusiyanın xarici işlər naziri Sergey Lavrovun amerikalı jurnalist Taker Karslona verdiyi müsahibədə səsləndirdiyi mühüm məqamları şərh edib.
N. Uotson vurğulayıb ki, S. Lavrov ölkəsinin Rusiyanı strateji olaraq məğlub etmək cəhdlərinə qarşı istənilən vasitədən istifadə etmək hüququnu qoruduğunu vurğulasa da, nüvə başlıqlarından istifadəni qeyd etmədi:
“Mənə elə gəlir ki, Lavrov prezident Putini təmsil edərək, müharibədən yorğunluq əlamətləri nümayiş etdirir. O, vəziyyəti daha da gərginləşdirmək istəməsə də, Rusiya cavab vermək məcburiyyətindədir. Hesab edirəm ki, Rusiya Lavrovun bu həftə Maltada keçirilən ATƏT sammitində iştirakının göstərdiyi kimi, danışıqlara başlamaq arzusundadır”.
“Lavrov açıq şəkildə ABŞ-ni vəziyyəti uzatmaq və daha da gərginləşdirməkdə ittiham edir. Mən isə hələ də belə düşünürəm ki, Fransanın və Almaniyanın siyasi qarışıqlıq içində olması, Avropa İttifaqının Ukrayna məsələsində birgə yanaşmasının olmaması və ABŞ administrasiyasının dəyişiklik mərhələsində olması səbəbilə Rusiya atəşə atəşlə cavab verəcək. Lakin bu cavab danışıqlar masasına oturmaq üçün imkanları məhv edəcək səviyyədə olmayacaq. Xüsusən də bir aya ABŞ-də Tramp administrasiyası hakimiyyətə gəldikdən sonra”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov