Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) idarə rəisi olmuş polkovnik Elcan Abdullayevin kassasiya şikayətinə baxılıb.
Yenicag.az xəbər verir ki, Ali Məhkəmə məhkum haqda əvvəlki qərarı dəyişib.
Qərara əsasən, keçmiş MTN-çinin cəzası 5 ildən 4 ilə endirilib.
E.Abdullayev 1 il 4 aydır həbsdədir, sonuncu qərarla onun 2 il 8 ay çəkilməmiş cəzası qalıb.
Qeyd edək ki, məhkum Abdullayev MTN-in Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin rəisi Nizami Şirinovla birgə cinayət məsuliyyətinə cəlb edilib. O, vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilinib. İbtidai istintaq müddətində azadlıqda olan Abdullayev Bakı Hərbi Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi cəzanı 5 ilə endirib.