Ləğv edilmiş “Muğanbank”da əmanəti olanların diqqətinə!

Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan “Muğanbank” ASC-nin qorunan əmanətçilərinə müraciət edib.

ADIF-dan Yenicag.az-a bildirilib ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 24 oktyabr tarixli, 2-3(103)-54/2023 qərarı ilə “Muğanbank” ASC müflis elan edilib və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin olunub.

Ləğv prosesində olan “Muğanbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsinin yeri və vaxtı haqqında məlumat verilməsinə dair ilk bildiriş ötən il noyabrın 1-də KİV-lərdə dərc edilib.

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Qanunun tələblərinə əsasən ləğv prosesində olan “Muğanbank” ASC-nin qorunan əmanətçiləri üçün bu müddət 2024-cü il noyabrın 1-də bitir. Kompensasiyaların ödənilməsi “Kapitalbank” ASC və “ABB” ASC vasitəsilə həyata keçirilir.

Məlumat üçün bildiririk ki, əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim olunduqda sözügedən bir il müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 5 il müddətində saxlanılır.

Əlavə olaraq qeyd edirik ki, ötən il noyabr ayının 27-dən cari ilin oktyabr ayının 18-dək ləğv prosesində olan “Muğanbank” ASC-nin 7434 əmanətçisinə 198,278,930.92 manat ekvivalentində (ümumi kompensasiya öhdəliyinin 97 faizi) kompensasiya ödənişi həyata keçirilib.

COP29