Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenicag.az-a verilən məlumata görə, bu istiqamətdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı şəhərin Qala xiyabanı küçəsində fəaliyyət göstərən “Real” çay evində xüsusi karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilməsi, həmçinin, sosial məsafənin və mövcud preventiv tədbirlərin şərtlərinin pozulması halları aşkarlanıb.
Karantin qaydalarının pozulduğu həmin obyektin sahibi R.Qəniyev və 6 nəfər müştəri Lənkəran ŞRPŞ-yə dəvət olunaraq həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.
R.Qəniyev karantin qaydalarını təkrarən pozduğu üçün onun barəsində toplanmış materiallar Rayon Məhkəməsinə göndərilib. Digərləri barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.