Lənkəranda qəzada yaralanan motosiklet sürücüsü öldü

Mayın 9-da Lənkəranda baş verən yol qəzasında yaralanan şəxslərdən biri bu gün dünyasını dəyişib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, “Muravey” markalı motosiklet ilə “VAZ 2107” markalı avtomobilin toqquşması zamanı kəllə-beyin travması alan motosiklet sürücüsü Qurban Abbasov müalicə aldığı xəstəxanada həyatını itirib.

Q.Abbasovun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, hadisə mayın 9-da Ələt-Astara magistral yolunun rayonun Digah kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “VAZ-2107” markalı avtomobil ilə “Muravey” markalı motosikletin toqquşması zamanı motosikletin sürücüsü və sərnişini – Lənkəran şəhər sakini Q.Abbasov və rayonun Ürgə kənd sakini Samir Şiriyev yaralanmışdı.