Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ölkə ərazisində epizootoloji sabitliyin saxlanması və əhalinin sağlamlığının təhlükəli yoluxucu xəstəliklərdən və qida zəhərlənmələrindən qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Kənd təsərrüfatı naziri cənab Heydər Əsədovun tapşırığına əsasən Dövlət Baytarlıq Nəzarəti Xidmətinin və onun yerli qurumları ardıcıl olaraq bu istiqamətdə reydlərini davam etdirir.
Dekabrın 28-də belə bir reyd Lənkəran Rayon Baytarlıq İdarəsi tərəfindən aparılmışdır. Lənkəran rayon Polis Şöbəsi əməkdaşlarının iştirakı ilə keçirilən reyd zamanı Lənkəran rayonunun Osakücə kəndinin meşə ərazində ölmüş 3 baş heyvan cəmdəyi Masallı sakinləri (özlərini qəssab adlandırırlar) tərəfindən xüsusi maşında daşınarkən aşkar edilmişdir.
Aşkar edilmiş heyvan cəmdəklərinə baxış keçirilərkən onların mənşəyinin məlum olmadığı, orqanoleptik göstəricilərinin standartlara cavab vermədiyi (rəngi dəyişmiş, qeyri-spesifik iyə malik olduğu) məlum olmuşdur. Cəmdəklərin mənşəyinin hansı növ heyvana aid olduğunu, məcburi kəsildiyini, yaxud ölmüş heyvan cəmdəyi olmasını aydınlaşdırmaq, onların xəstəlik törədiciləri daşımasının yoxlanılması üçün həmin cəmdəklərdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına (RBL) göndərilmişdir.
Laboratoriya müayinələrin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcəkdir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bu istiqamətdə reydlər ardıcıl olaraq bütün bölgələrdə davam etdiriləcəkdir.
Mətbuat katibi: Yolçu (Xanvəli) Həsənov