Lənkəranda tank əleyhinə minalar tapıldı – FOTO

Bu gün saat 10:24-də Dövlət Sərhəd Xidmətindən (DSX) Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Lənkəran şəhəri, Liman qəsəbəsi ərazisində 3 ədəd tank əleyhinə minanın tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Yenicag.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, DSX və Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasının (103 xidməti) əməkdaşları dərhal həmin əraziyə göndərilib və əraziyə baxış keçirilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 3 ədəd tank əleyhinə TM-62M minası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minaların ətrafında 1 000 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.