Sentyabrın sonlarında Rusiyanın paytaxtındakı ən böyük ticarət-yarmarka komplekslərindən olan “Moskva”da kütləvi iğtişaşlar oldu. Bütün bunlara alverçilərdən birinin yerli mühafizəçi tərəfindən döyülməsinin səbəb olduğu ehtimal edilir: ya gənc tacir üzərinə düşən pay öhdəliyini ödəməkdən imtina edib, ya da yükü özbaşına aparıb. Bu hadisə onu göstərir ki, 1990-cı illərin qanunsuzluqlar dövrü başa çatsa da, Moskva bazarlarının yenə də qanundan uzaq, özünəməxsus qaydaları var.
Yenicag.az “Lenta.ru”nun Rusiya paytaxtındakı ticarət obyeklərinin hasarlarından kənarda baş verən qaranlıq işlər barədə araşdırmasını təqdim edir:
Bazar hökmdarının ölümü
2016-cı il avqustun 18-də qara rəngli “Range Rover” markalı avtomobil Türkiyənin İstanbul şəhərində oteldən ayrıldı. Ardınca gələn “bodiqard”ların avtomobilini geridə qoyan bu maşın qəfil manevr edərək irəli hərəkət etdi. Bununla da o arxadakı mühafizəçiləri açıq-aşkar ölümdən xilas etdi. “Range Rover” killerlər tərəfindən gülləbəran edildi. Yanlış anlamadınız, məhz gülləbəran – cinayət yerindən tam 65 ədəd patron tapıldı.
“Bodiqard”ları daşıyan avtomobilin sürücü son anda əyləcə basaraq maşını geriyə sürdü. Killerlər isə hadisə yerindən qaçıb gizləndilər.
İsrailə məxsus pulemyotlardan açılan atəşin hədəfi 41 yaşlı azərbaycanlı kriminal avtoritet Rövşən Canıyev idi. Lənkəranski ləqəbli həmin şəxs aparıldığı “Florence Nightingale” klinikasında dünyasını dəyişdi. Kriminal avtoritetin nəşi vətəninə aparılaraq 2016-cı il avqustun 19-da torpağa basdırıldı. Onun yas mərasimində minlərlə insan iştirak edirdi.
Məhz Lənkəranski 2013-cü ildə gürcü və kürd cinayət qruplaşmalarının lideri, ölkənin kriminal aləminin kralı adlandırılan Aslan Usoyanın (Ded Xasan) qətlinin sifarişçisi hesab olunur. Aydındır ki, Usoyanın adamları onun ölümünə görə intiqam almaq istəyirdilər.
Lənkəranskinin düşmənləri arasında adı ön sırada çəkilən digər şəxs isə Qulidir. Bu ləqəblə məşhur olan kriminal avtoritet 44 yaşlı azərbaycanlı Nadir Səlifovdur. O, 2000-ci ildə, hələ 27 yaşı olanda “taclandırılıb”. Rusiyanın “Prime Crima” portalının redaktoru Viktoriya Gefterin sözlərinə görə, Quli azərbaycanlı “qanuni oğru”lar arasında 1 nömrədir.
Adətən kriminal avtoritetlərin bütün kommersiya işləri gizlin qalır. Lakin Lənkəranskinin Moskvanın ən böyük topdan və pərakəndə ərzaq mərkəzi olan “Food City”də satış məntəqələri olduğu məlumdur. Onun ölümündən sonra geridə qoyduğu işlərilə əmisi oğlu Zaur Əhmədov məşğul olur.
Təhlükəli miras
Biznesi çiçəklənən Əhmədov Lənkəranskinin öldürülməsini heç zaman unutmayıb. Məlumata görə, o, dəfələrlə Rövşəndən qalan bütün var-dövləti onun qisasını almaq üçün sərf etməyə hazır olduğunu bildirib.
Bu yaxınlarda Qulinin adamlarına qarşı təşkil edilən sui-qəsdin məhz Əhmədov tərəfindən maliyyələşdirildiyi ehtimal edilir.
Viktoriya Gefter qeyd edir ki, Əhmədov Quliyə qarşı Lənkəranskiylə eyni siyasəti aparır. Odur ki, Zaurun da həyatı risk altındadır.
Liderlər arasında birinci
Bəzi KİV-lərin məlumatına əsasən, Moskvada böyük bazarlara Vaqif Süleymanov (Vaqif Bakinski) nəzarət edir. O, Rusiya ərazisində legal olaraq yaşayan yeganə “qanuni oğru”dur. Lakin Bakinskinin bazarlarla birbaşa əlaqəsi yoxdur. Gefterə görə bu, hüquq-mühafizə orqanlarını diqqətini çəkməmək üçün atılan addım ola bilər.
Ticarət qarşıdurmalarında Rəşad İsmayılovun (Rəşad Gəncinski) adı da hallanır. Lakin “Prime Crime” redaktorunun fikrincə, bu, həqiqətdən uzaq iddiadır. Belə ki, Rəşad Qulinin adamıdır. Quli isə bir nömrədir və hər şeyə özü nəzarət edir.
Lakin bazar uğrunda təkcə “nəhəng”lər deyil, daha kiçik, eyni zamanda daha təhlükəli ola biləcək kriminal avtoritetlər də mübarizə aparır.
Bazardan səsi gur gələn iki avtoritet
Sentyabrın 21-də – “Moskva” ticarət-yarmarka kompleksində baş verən iğtişaşların ikinci günündə “Rosbalt” öz mənbəsinə istinadən məlumat yaydı ki, Tacıkistandan olan tacirlər və onların “Food City” və “Sadovad”da çalışan yerliləri iki kriminal avtoritet – Xoca Cabbor və Xoca Səmədin nəzarəti altındadırlar. Guya miqrantlar üçün müəyyən məbləğdə ödəmələr müəyyən edilib. Ödənişi etməkdən imtina isə ağır nəticələr doğurur. Bazarın mühafizəçisi də Cabbor və Səmədin qayda-qanunlarıyla oturub-durur.
Mənbənin sözlərinə görə, onlar heç bir səbəb göstərmədən satıcıları bazara, öz mallarının yanına buraxmaya bilərlər. Açıq şəkildə də deyirlər ki, Cabborla (və ya Səməd, həmin tacirin kimin nəzarətində olmasından asılı olaraq dəyişir) razılaş, sonra bazara buraxaq. Onlar asanlıqla döyə də bilərlər. Sonra isə deyirlər ki, razılaşsaydın, Cabborla Səmədin adamları səni qoruyardılar.
Mənbə bildirir ki, 2012-ci ildə “Moskva” yarmarkasında Düşənbədən olan oğlan qəddarcasına döyülüb. 2015-ci ildə isə “Sadovad” bazarında gediş üçün pul ödəmədən sərnişin aparan taksi sürücüsü möhkəm zərbələr qarşısında susmalı olub. Bu kimi hadisələrin sayı onlarladır.
Milli sənətlər
Mənbə deyir ki, Rusiyanın paytaxtında etnik cəmiyyətlər arasında təsir dairələri bölünüb. Məsələn, azərbaycanlılar ancaq “Foof City”də nəzarəti qoruyurlar. “Moskva” yarmarkasında və “Sadovad”da çinlilər və vyetnamlılar aparıcılıq edir.
Eyni zamanda hər etnik cəmiyyətin öz kriminal ixtisaslaşması var. Məsələn, taciklərin mütəşəkkil cinayət qruplaşmaları böyük quldurluq, soyğunçuluq, habelə pul daşıyıcılarına basqınlar üzərində ixtisaslaşıb.
Mənbə qeyd edir ki, vəziyyət çox qarışıqdır. Məsələn, azərbaycanlıların olduğu bazarda taciklər də işləyir. Düzdür onlar daha çox yük daşıyan və ya süpürgəçi olurlar. Lakin təcrübə onu deməyə əsas verir ki, aşağı vəzifə daşıyanlar çox vaxt gizli agentlər olurlar. Ödənişlərin nə zaman, hara getdiyini öyrənib silahlı taciklərə məlumat verirlər. Onlar isə soyğunu həyata keçirirlər. Bundan sonra cinayətkar qruplaşma öz vətəninə qayıdır.
Tanınmış sovet avtoriteti Anatoli Çerkasov deyirdi ki, o adamı soymaq lazımdır ki, polisə getməyəcək. Mənbə yazır ki, bu mənada azərbaycanlılar taciklər üçün başlıca hədəfdilər. Cinayətkar əməllərinə görə onlar hüquq-mühafizə orqanlarına müraciət etməyəcəklər. Digər tərəfdən hökumətə müraciət etmək və özünü zərərçəkmiş kimi göstərmək klassik “oğru” ənənəsinə ziddir: bu utancverici və qəbuledilməzdir. Lakin azərbaycanlı mütəşəkkil cinayət qruplaşmasını günahsız qurban elan etməyə tələsməyin. Belə ki, rusların iddiasına görə, kriminal azərbaycanlılar insan oğurluğu üzrə ixtisaslaşıblar.
Təbii ki, etnik cinayətlərdən danışarkən narkotik alverini xatırlamamaq olmaz. Əfqanıstandan gətirilən heroin bazara daha çox taciklərin əli ilə çıxarılır. Ənənəvi olaraq azərbaycanlıların məşğul olduğu gül biznesi isə Latın Amerikası ölkələrindən qaçaq yolla gətirilən kokainin satışı üçün gözəl masklanma rolunu oynayır.
Nişanəsi olan güllər
Moskvanın gül mağazalarında kokain və heroin alveri artıq uzun illərdir ki aparılır. Sadəcə əvvəllər bu indiki qədər aydın deyildi. Mənbə qeyd edir ki, sxem çox sadədir: satıcı gül dəstəsiylə birlikdə küçəyə çıxır, yaxınlıqdan keçən maşınlara yaxınlaşır, gül almağı təklif edir. Əgər satıcının qarşısındakı “müştəri”dirsə, digər məhsul da təklif oluna bilər.
Narkotiklə mübarizə üzrə qurumdan adı açıqlanmayan mənbə bildirir ki, bu “alver”dən DİN də xəbərdardır. Lakin 2-3 satıcını tutmaq effektiv deyil. Odur ki, nazirliyin əməkdaşları bütün dəstəni zərərsizləşdirəcək sistem hazırlayırlar. Lakin çətinlik ondadır ki, narkotacirlər professional fəaliyyət göstərirlər: məntəqələr və satıcılar tez-tez dəyişir.
Bu biznes isə əbəs yerə “gül” sahəsinə yol açmayıb. Əvvəla kiçik ticarət məntəqələrilə dil tapmaq daha asandır. İkincisi isə, belə məntəqələr çox zaman 24 saat çalışır. Narkotik isə bir qayda olaraq daha çox gecə vaxtı satılır. Satıcı kimi əsasən miqrantlar seçilir. Belə ki, onlar tez qazanılan gəlirdən imtina etmirlər.