Bir müddət öncə “Lotu Quli”yə sui-qəsd iddiası ilə həbs olunan Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyevin azadlığa buraxılacağını ötən gün xəbər vermişdik.
Yenicag.az-ın məlumatına görə, o, ötən gecə sərbəst buraxılıb. Lənkəranskinin qardaşı ilə yanaşı həmin vaxt saxlanılan digər şəxslər də azadlığa buraxılıb. Namiq Canıyevin sərbəst buraxılmasında Türkiyədə yaşayan nüfuzlu azərbaycanlılardan birinin xahişi böyük rol oynayıb.
Qeyd edək ki, Namiq Canıyev və yaxınları noyabrın 2-də Türkiyə polisinin İstanbulun Bakırköy səmtindəki “Ömür” Ticarət Mərkəzində həyata keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıblar.
Məlumata görə, Namiq Canıyevin də daxil olduğu 13 nəfərlik killer dəstəsi uzunmüddətli həbsdən çıxmış kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) evinə basqın hazırlamaqda ittiham olunur. Onların məqsədi “Lotu Quli” ilə məsələni birdəfəlik “çürütmək” olub.
O da iddi olunur ki, Canıyev “Lotu Quli”nin öldürülməsi qarşılığında “Şirinlər” dəstəsinin lideri Səbriyə 5 milyon dollar vəd edib. Tərəflərin məhz bu sövdələşmənin detallarını müzakirə etmək üçün “Ömür” Ticarət Mərkəzindəki restoranda bir araya gəldikləri vurğulanır.
Türkiyə polisinin həmin ticarət mərkəzində keçirdiyi əməliyyat zamanı isə Canıyev, Mehmet Səbri Şirin, Hacı Beyləqanski də daxil olmaqla 13 nəfər saxlanılıb. Onlardan 9 ədəd odlu silah və patron götürülüb.
Lakin sonradan Lənkəranskinin qardaşının “Lotu Quli”yə qarşı sui-qəsd etməsi ilə bağlı iddia öz əksini tapmayıb.