Noyabrın 30-da Türkiyənin İstanbul şəhərində atışma olub.
Axar.az xəbər verir ki, bu barədə Musavat.com-a İstanbuldakı mənbələrdən məlumat verilib.
Bildirilib ki, hadisə mübahisə zəminində baş verib. Əhmədli Ruslan kimi tanınan qanuni oğru aldığı güllə yarasından sonra xəstəxanaya yerləşdirilib. Ona atəş açan şəxsin də Azərbaycan vətəndaşı – Nicat adlı idmançı olduğu bildirilir.
Məlumata görə, Nicat son vaxtlar öz çevrəsində deyirmiş ki, o, oğru dünyasının əsas adamlarından olacaq. Kriminal aləmdə tanınmadığı, xüsusi çəkisi olmadığı deyilən birinin bu iddiaya düşməsi oğru aləmində xoş qarşılanmayıb. Nicatla görüşüb, söhbət etmək, 14 il qapalı rejimli həbsxanada cəza çəkmiş, oğru dünyasının avtoritetlərindən Ruslana həvalə edilib. Mənbə deyir ki, o, ötən gün Nicatı ofisinə çağıraraq, onunla söhbət edib. Hər iki azərbaycanlının söhbəti mübahisəyə çevrilib. Bu zaman əsəblərinə hakim ola bilməyən Nicat, üstündəki odlu silahı çıxararaq Ruslana iki dəfə atəş açıb. Güllələrdən birinin Ruslanın ayaq nahiyəsinə dəydiyi deyilir. Hadisə “Vadi İstanbul” deyilən ərazidə baş verib. Hazırda Ruslanın İstanbulun məşhur xəstəxanalarından birində müalicə aldığı bildirilir.
Bildirilib ki, hər iki şəxs vaxtilə mərhum Rövşən Lənkəranskinin yanında olublar. Rövşənin ölümündən sonra o çevrədən ayrılıblar. Mənbə bildirir ki, Nicat əslən cənub bölgəsindəndir. Ruslanın da həmin bölgədən olduğu, amma Bakının Əhmədli qəsəbəsində doğulduğu deyilir.
2016-cı ilin yayında Rövşən Lənkəranski İstanbulda qanuni oğruların toplantısı keçirərkən Ruslan Əhmədliyə qanuni oğru titulu verib, ona tac qoyma mərasimi keçirib.
Caninin hadisə yerindən qaçdığı, hələ də saxlanılmadığı da gələn xəbərlər sırasındadır. Nicatın boksçu olduğu və bir neçə dəfə ölkə üzrə çempion olduğu deyilir.