“Leon” ilki bacardı: Davamı da olacaq – FOTOLAR

Ötən gün “Leon” futbol klubunun təşkilatçılığı ilə keçirilən “Baku Cup -2017” turnirinə yekun vurulub.

Yenicag.az xəbər verir ki, 11 yaşadək futbolçulardan ibarət 12 komandanın iştirak etdiyi turnirdə qalib adını “Vətən” klubu qazanıb.

Turnir zamanı “Leon”, “Sumqayıt” İOUEGİM, “Əlincə”, “Amasya”, “Buzovna” və “Qarabağ” A qrupunda, “Leon” (U10), “İnter”, “Qarabağ” (U10), “Vətən”, “Neftçi” İK və “Səbail” komandaları isə B qrupunda mübarizə aparıblar. Qruplarda birinci və ikinci yeri tutan komandalar yarımfinala vəsiqə qazanıb. Yarımfinal matçlarında isə “Neftçi” İK “Əlincə” üzərində 3:2, “Vətən” isə “Sumqayıt” İOUEGİM üzərində 6:1 hesablı qələbə qazanaraq finala yüksəlib. Üçüncü yer uğrunda isə “Sumqayıt” İOUEGİM “Əlincə”yə 2:3 hesabı ilə məğlub olaraq bürünc medallardan da əlini üzüb. Xeyli tamaşaçının izlədiyi final qarşılaşmasında isə “Vətən” “Neftçi” İK-nı göz açmağa imkan verməyib. Rəqibini 8 dəfə meydanın mərkəzinə dəvət edən “Vətən”in futbolçuları finalda darmadağınla qalib gələrək “Baku Cup -2017″nin çempionu olub.

Mükafatlandırma mərasimi də yetərincə maraqlı alınıb. Qonaqlar arasında olan “Vətən” futbol məktəbinin direktoru Mustafa Həsənov çıxış edərək turnir iştirakçılarına xoş arzularını çatdırıb. Sonra söz AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Cahangir Həsənzadəyə verilib. O da öz növbəsində sözügedən turnirin futbolun kütləviləşməsində olan mühüm rolundan danışaraq, qalibləri təbrik edib.

Sonra qaliblər “Əlincə” və”Neftçi” İK-yə mükafatlar təqdim edilib. Ardından müxtəlkif nominasiyalar üzrə turnirin ən yaxşıları seçilmiş futbolçular mükafatlandırılıb.

Yenicag.az-a açıqlama verən “Leon”un meneceri Mahir Quliyev turnirin keçirilmə məqsədindən danışıb. Klub rəsmisi beynəlxalq təcrübədən yararlandıqlarını bildirib:

“Leon” futbol klubu olaraq Türkiyədə beynəlxalq turnirdə iştirak etmişdik. Belə qənaətə gəldik ki, bunu biz də təşkil edə bilərik. İlk turnirimizdi deyə, çatışmazlıqlar da qaçılmazdır. Biz bir sıra klublara təklif göndərmişdik. Əvvəlcədən razılıq versələr də, son anda fikirlərindən daşındılar. Bölgə klublarının da maliyyə durumları göz önündədir. Maliyyə məsələləri də onların turnirə qatılmasına əngəl törədir. Biz bu turniri mütəmadi olaraq keçirməyi planlaşdırırıq. Çünki iştirakçı komandalar da turnirdə çox razı qaldılar. Əslində, yarışda “Trabzonspor” Tiflis “Dinamo”sunun da iştirakı gündəmdə idi. Lakin, bizdən asılı olmayan səbəblərdən onların da iştirakı alınmadı. Ümumilikdə isə 4 xarici klubun iştirakı nəzərdə tutulmuşdu. Onu da nəzərə alaq ki, ölkəmizdə otellər də bahalıdır. Bizi milli brendimiz olan “Alov” şirkəti toplarla təmin etdi. Milli brendimiz turnir üçün xüsusi toplar da hazırlamışdı. Bundan başqa yarışın keçirilməsi üçün AFFA və AZDBTİA-dan da dəstək almışıq. Gələcəkdə turnirə sponsorları cəlb etməyi düşünürük. Biz özümüz təbii örtüklü meydançada məşq edirik. Əslində, uşaqların yaşıl meydançalarda oynaması müsbət haldı. Qoy, indidən təbii ot örtüyünün nə olduğunu bilsinlər. Ölkə xaricinə çıxanda da bu baxımdan çətinlik çəkməsinlər”.

Emin Səfərov
Yenicag.az

COP29