Lerikdə kütləvi məzarlıq aşkar edildi – FOTO

471a4b8abe8b8116203f387d62bcd23bAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən aparılan arxeoloji qazıntılar nəticəsində Lerik rayonunun Gürdəsər kəndində kütləvi məzarlıq aşkarlanıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, məzarlıqda 22 insan qəbri üzə çıxıb. Burada insanlarla yanaşı, heyvanların da dəfn olunduğu müəyyənləşib.

Qəbirlərdə sağ və sol çiyinləri üstündə, yaxud bükülü vəziyyətdə basdırılan insan cəsədlərinə də rast gəlinib. Bu isə qəbirlərdəki insanların o dövrün adət və ənənələri ilə dəfn edildiyinə, cəsədlərin kişi və ya qadın olmasına dəlalət edir.

İnstitutun aparıcı elmi işçisi, Antik Dövr üzrə Lerik Arxeoloji Ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminlinin sözlərinə görə, ekspedisiyanın əsas məqsədi Azərbaycan ərazisində Antik dövr üzrə elmi araşdırmalar aparmaqla, qədim insanların formalaşması, meydana gəlməsi proseslərini tədqiq etməkdir. Burada insanların fiziki tipi, məşğuliyyəti, istifadə olunan əmək alətlərinin texniki tipologiyası, ovçuluq təsərrüfatının meydana gəlməsi kimi xüsusiyyətlər də tədqiq edilir.

Qeyd edək ki, Gürdəsər kəndində aşkarlanan qəbirlərdəki insanların baş və ayaq hissələrində müxtəlif növ qılınclar, bıçaqlar, nizə başlıqları, küp qablar, bilərziklər və digər əşyalar bu ərazilərdə 2400-2500 il əvvəl insanların məskunlaşdığını sübuta yetirir. Ümumilikdə isə son 3 ildə bu ərazidə aparılan qazıntılar zamanı 104 qəbir aşkarlanıb.

Onu da əlavə edək ki, Lerik rayonunda aşkarlanan maddi-mədəniyyət nümunələri kameral işləmələrdən sonra muzeylərə təhvil veriləcək.