Lerikdə qarlı-küləkli hava şəraitinə görə qar uçqunu olub.
Yenicag.az-ın məlumatına görə, bir neçə gündür cənub bölgəsinə yağan güclü qar yollarda problemlər yaradıb. Lənkəran-Lerik magistralı açılsa da ucqar dağ kəndlərinə gedən yollarda problem qalmaqdadır. Əsasən rayonun Lerik-Hamarat-Vijaker yolunda qar uçqunları baş verib. Həmin istiqamətdə 20-ə yaxın kəndə gediş-gəliş çətinləşib. Bu yolda Lerik DYP əməkdaşları təhlükəsizlik tədbirləri görür.
Lerik fövqəladə hallar komissiyasının sədri Habil Məlikov bildirib ki, küləkli havaya görə həqiqətən də ucqar dağ kəndlərində çətinliklər var. “52-saylı Lerik yol istismar idarəsi yolları qardan təmizləyir. Dünənə kimi 50 yaxın kənddə elektrik enerjisi verilişi dayanmışdı. Bu gün artıq işin 50 faizi görülüb və günün sonuna kimi rayon tam elektrik enerjisi ilə təmin olunacaq”.
Qeyd edək ki, hazırda bölgədə günəşli hava müşahidə olunur. Gecəyə doğru temperaturun -5,-7 dərəcəyə düşəcəyi proqnozlaşdırılır.