Noyabrın 19-da Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) XIV-XV əsrlərin böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin büstünün təntənəli açılış mərasimi olub.
Yenicag.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasimində iştirak edib.
Nəsiminin büstünün açılışı Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə Moskvada keçirilən “Nəsimi – poeziya, incəsənət və mənəviyyat festivalı” çərçivəsində baş tutub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva təntənəli mərasimdə çıxış edərək deyib:
“Biz bu gün böyük şair, filosof və mütəfəkkir Nəsimiyə həsr olunmuş tədbirə toplaşmışıq. Nəsimi XIV-XV əsrlərdə yaşayıb-yaradıb. O, Azərbaycan ədəbiyyatının inkişafında böyük rol oynayıb, Azərbaycan poeziyasının şah əsərlərini yaradıb, Azərbaycan ədəbi dilinin əsasını qoyub. Nəsimi poeziyası müasir dövrümüzdə də yaşayır və aktualdır. Bu ilin sentyabrında Azərbaycanda ilk dəfə Nəsimiyə həsr edilmiş mənəvi-poetik yaradıcılıq festivalı keçirilib. Festival çərçivəsində çoxlu sayda tədbirlər – poeziya, musiqi və rəqs gecələri, tamaşalar, sərgilər, videoinstalyasiyalar, yoqa və meditasiya təşkil olunub. Bütün bunlar ali şüurun dərinliyinə varmaq üçün edilib.
Tədbirlər Nəsiminin doğma yurdu Şamaxıda, “Qala”, “Atəşgah məbədi” qoruqlarında və əlbəttə, Bakıda keçirilib. Dörd gün ərzində ümumən 30 tədbir təşkil olunub. Nəsimi fəlsəfəsi o qədər dərindir ki, sonsuzluğu qavramağa, insan şüurunun ən dərin qatlarına nüfuz etməyə və bir çox hadisələri yozmağa qabildir. Biz son dərəcə minnətdarıq və şadıq ki, bu gün Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun binasında bu dahi insanın büstünü açırıq. Bu, bizim üçün də çox aktualdır. Çünki bizim vəzifələrimizdən və arzularımızdan biri budur ki, bu gün Nəsimini tanısınlar, onun poeziyasını oxusunlar və bu poeziya yaşasın. Həqiqət zamanın fövqündə dayanan anlayışdır. Nəsiminin tükənməz ilham mənbəyi gözəllik, məhəbbət və təbiətdir. Böyük şair hesab edirdi ki, həqiqətə çatmaq üçün insan qəlbinin dərinliyinə nüfuz edib, onun gözəlliyini və xeyirxahlığını görmək lazımdır.
Hamınıza “Çox sağ olun!” deyirəm. Mən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunova, prorektor Artyom Malginə, institut kitabxanasının direktoru Marina Reşetnikovaya, Tarix Muzeyinin rəhbəri İqor Pavlenkoya və əlbəttə, bu gözəl əsərin müəllifi Mahmud Rüstəmova təşəkkür etmək istəyirəm”.
Sonra Leyla Əliyeva öz şeirini oxuyub.
Xatırladaq ki, prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizdə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunur.