Yanvarın 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionatda olub.
Ölkəmizdə yaşlı insanlara, onların problemlərinin həllinə hər zaman qayğı göstərilib. Bu gün də bu gözəl ənənə davam edir.
Leyla Əliyeva pansionatın sakinləri ilə görüşdü, onlarla birlikdə nahar süfrəsi arxasında səmimi söhbət etdi. Pansionatda yaşayanlar Leyla Əliyevanın gəlişini alqışlarla qarşıladılar, burada onlar üçün yaradılan şəraitdən razılıq etdilər, buna görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər. Leyla Əliyeva pansionat sakinlərinin öz həyatları barədə söhbətlərini heyranlıqla dinlədi, onların qayğıları ilə maraqlandı.
Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionat ötən əsrin 60-cı illərindən fəaliyyət göstərir. 1998-ci ildə ulu öndər Heydər Əliyev bu pansiotda olub, veteranlarla görüşüb. 2013-cü ildə pansionata yeni həyat verilib. Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə pansionatın yeni korpusunun açılışı olub. İndi burada 207 nəfər yaşayır. Onların rahatlığı üçün bütün lazımi şərait yaradılıb.
Pansionatın sakinlərinin musiqi alətlərində ifası bu tədbirin ən maraqlı məqamlarından biri kimi yadda qaldı. Azərbaycanda ahıl insanlara dövlət qayğısı ildən-ilə artır, onların problemlərinin həllinə diqqətlə yanaşılır. Ölkəmizdə pensiya yaşlı insanların sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin həmişə diqqət mərkəzindədir. “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”na əsasən, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı islahatlar həyata keçirilir.
Pansionatın sakini Həbib Qəmbərov onlar üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya bütün sakinlər adından minnətdarlığını bildirdi.
Leyla Əliyeva pansionatda yaradılan şəraitlə tanış oldu, otaqları gəzdi. Ölkəmizdə əlil, tənha və ahıllara xidmət göstərən müəssisələrin sakinləri tam dövlət qayğısı ilə əhatə olunublar. Heydər Əliyev Fondu da ahılların ən böyük qayğıkeşidir. Azərbaycanın birinci xanımının təşəbbüsü ilə yaşlı insanlarla, müharibə veteranları ilə görüşlər keçirilir, onların sağlamlığı diqqətdə saxlanılır. Bu kateqoriyadan olan insanlar üçün müxtəlif tədbirlər təşkil olunur – qocalar səhiyyə ocaqlarında müayinə edilir, onlar üçün konsertlər, bayram şənlikləri keçirilir.
Pansionat sakinləri ilə yaddaqalan görüşün daha bir məqamı isə Zəminə Cəbrayılovanın öz yazdığı şeirlərini Leyla Əliyevaya oxuması oldu.
Pansionat sakinləri ilə görüşə yenə də gələcəyini deyən Leyla Əliyeva onlara cansaglığı və uğurlar arzuladı.