Leyla Əliyeva Tovuz şəhidlərinə şeir yazdı

Tovuz rayonu istiqamətində xain düşmənin törətdiyi hərbi təxribat nəticəsində Azərbaycan ordusunun bir qrup hərbçisi şəhid olub. Leyla Əliyeva “O dərdli uşağın göz yaşı üçün…” adlı şeirində bu itkidən doğan kədər hisslərini, xalqımızın qələbə əzmini, işğal altında inləyən torpaqlarımızın azad olunacağına inamını ifadə edir.

Yenicag.az şeiri təqdim edir:

O dərdli uşağın göz yaşı üçün…

Bombalar səs-səsə veriblər yenə,

Vətənin bağrından qan axır indi.

Düşmən gülləsinə tuş olan əsgər,

Yaran qəlbin qədər dərin, dərindi.

Ağlayır bir ata itirmiş uşaq,

Ağlayır göylərdə Günəş də bu gün.

Ellikcə savaşa hazırıq, Vətən,

O dərdli uşağın göz yaşı üçün.

Bir gün qayıdacaq yerinə hər şey,

Bir gün sevinəcək bu yurd, bu ocaq…

Ancaq o atanın isti qucağı

Bir də o uşağa açılmayacaq.

Elimiz qələbə sorağı gözlər:

Gözləri yoldadı, qulağı səsdə.

Analar əlini qoyub and içir

Oğul itkisinin ağrısı üstə.

Gün gələr, o zəfər xəbəri gələr,

Öpər igidlərin başdaşlarını.

Ata nisgiliylə qovrulan uşaq

Dəfn eylər gözündə göz yaşlarını.

COP29