Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan və daun sindromlu uşaqlar üçün növbəti əyləncə proqramı təşkil edib.
Fonddan bildirilib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ərəfəsində keçirilən budəfəki tədbirdə Bakının 1, 2 və 3 saylı uşaq evlərində təlim-tərbiyə alan, eləcə də Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində müalicə alan 200-dən çox uşaq iştirak edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə təşkil olunan tədbirdə uşaqlar üçün müxtəlif müsabiqələr keçirilib, fərqlənən iştirakçılara hədiyyələr təqdim olunub. İncəsənət ustalarının çıxışları, uşaqlar üçün hazırlanmış şoular tədbirə qatılan azyaşlı və yeniyetmələrin marağına səbəb olub. Uşaqlar da bu tədbir üçün hazırladıqları proqramları təqdim edib. Belə ki, daun sindromlu uşaqların rəqs nömrəsi alqışlarla qarşılanıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbir iştirakçıları ilə birgə rəqs edib və onlarla xatirə şəkilləri çəkdirib.
Şənliyin sonunda bütün uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.
Yeniçağ.Az