Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda olub.
Yenicag.az xəbər verir ki, Leyla Əliyeva burada müalicə alan uşaqlarla görüşüb, onlarla söhbət edib.
Tibbi heyətlə görüşən Leyla Əliyeva uşaqların müalicəsinin gedişi və müəssisədə yaradılmış şəraitlə tanış olub.
Qeyd edək ki, institut hazırda üç hissədən ibarətdir: klinika, Mərkəzi Qan Bankı və elm bölməsi. Klinikanın tərkibinə böyüklər üçün iki hematoloji şöbə, uşaq hematologiyası, reanimasiya və intensiv terapiya, konsultativ poliklinika, klinik-diaqnostik laboratoriya və talassemiyanın profilaktikası şöbələri daxildir.
2017-ci ildə Dövlət Proqramı çərçivəsində institutda yeni immunohistoloji müayinələrin aparılması üçün laboratoriya da yaradılıb. Burada immunohistokimyəvi müayinələrin köməyi ilə qanın bədxassəli xəstəliklərinin tam diferensial diaqnostikası, hədəf terapiyanın monitorinqi və xəstəliyin proqnozu müəyyən edilir. Artıq leykozların diaqnostikası və müalicəsi məqsədilə xəstələrin digər ölkələrə getməsinə ehtiyac qalmır.