Leyla Şıxlinskayanın Klinikasında ana ölümü

Sentyabrın 10-da Bakıda, Leyla Şıxlinskayanın Klinikasında ana ölümü baş verib.

Yenicag.az Virtualaz.org-a istinadla xəbər verir ki, 31 yaşlı qadın doğuş zamanı dünyasını dəyişib. Dünyasını dəyişən ana 1986-cı il təvəllüdlü Aygün Əbdürrəhmanovadır.

Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Nazirliyin Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova faktı təsdiqləyib. Komissiya sədri bildirib ki, uşağın həyatını xilas etmək mümkün olsa da, ana ölüb.

“Bütün özəl tibb müəssisələri, o cümlədən Leyla Şıxlinskayanın Klinikası Səhiyyə Nazirliyinin təlimatlarına əsasən fəaliyyət göstərir. Özəl tibb müəssisələrində baş verən ana ölümləri tərəfimizdən araşdırılır. Klinikada ana ölümü sentyabrın 10-da qeydə alınıb, bu barədə Doğuşayardım Komissiyası məlumatlandırılıb. Sənədlər təqdim ediləndən sonra ölümün səbəbi araşdırılacaq. Araşdırma tamamlanmadan ananın hansı səbəbdən öldüyünü söyləmək olmaz”,-Məmmədova əlavə edib.

Klinikanın özünü təqdim etmək istəməyən həkimi isə deyib ki, nəinki dünən axşam, o cümlədən son 1 ildə burada ana və uşaq ölümü qeydə alınmayıb.

COP29